Razi Nurullayevin qardaşı Hasil Nurullayevin oğlu Şahinin Dubaydakı dəbdəbəli toyu ölkə gündəmini zəbt edib. Məşhur “The Ritz-Carlton” hotelində keçirilən mərasim toy sahibinə heç də ucuz başa gəlməyib.
Bakupost.az xəbər verir ki, Nanə Ağamalıyevanın aparıcılığı ilə keçən məclisə müğənni kimi xalq artisti Aygün Kazımova dəvət olunub. Bunun üçün aparıcıya 25 min, müğənniyə isə 100 min manat qonorar ödənilib. Toyda başqa müğənnilər də iştirak edib.
Ümumilikdə bütün təşkilatı və digər işləri görənlər Bakıdan çağırılıb.
Bunlardan əlavə dəbdəbəli dekorasiya, toy karvanında qatılan lüks avtomobillərə görə böyük məbləğ ödənilib.
Deyilənlərə görə, deputat Razi Nurullayev toya dəvət olunmayıb. Toya çağırılan müğənni Nəsimi Məmmədovun prodüseri bildirib ki, məclisdə nə Razi Nurullayevi gördük, nə də ona əmi kimi söz verildiyinin şahidi olduq: “Açığı, sonradan özümüzə də maraqlı oldu ki, necə olur ki, toyda Razi Nurullayev yox idi. Biz yalnız bəyin atası Hasil Nurullayevi tanıyırdıq”.
Millət vəkilinin iki qardaşı – Hasil və Hüseyn Nurullayevlər tikinti maqnatlarıdır. Azərbaycandakı “Astroy”, “Eyubov” və “Seyidoğlu” MMC şirkətlərinin Nurullayevlərə məxsus olduğu deyilir. Qardaşların Rusiyada da böyük daşınmaz əmlak və tikinti biznesləri var. Toy mərasiminin səbəbkarı, Güney adlı xanımla ailə quran Şahin Nurullayev Sankt-Peterburqda qeyd olunan bizneslə məşğuldur.
Qeyd edək ki, bir müddət əvvəl deputat Razi Nuruullayev dəbdəbəli toylara etiraz edən çıxış etmişdi: “Bu gün toylarımızda israfçılıq həddini aşıb. Şadlıq evlərində dekorasiya və şou xərcləri əndazəni aşıb. Toylarmız sevinc məclisi olmaqdan çıxıb, sanki sosial yarışa çevrilib. İsrafçılıqla mübarizə təkcə maliyyə məsələsi deyil, həm də sosial məsuliyyətdir”.
Cavid, BakuPost