Ru
16:40 / 28 Avqust 2025

Rusiya Azərbaycana əngəllər törətmək niyyətindədir - AÇIQLAMA

Rusiya Azərbaycana əngəllər törətmək niyyətindədir - AÇIQLAMA
Eye

Xəbər verdiyimiz kimi, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, həm Ermənistan, həm də Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzvlük üçün müraciət edib.
“Biz müraciət etmişik, Azərbaycan da müraciət edib. Yaxınlaşan ŞƏT sammitinə bizi tərəfdaş qismində dəvət ediblər. Biz iştirak edəcəyik. Hesab edirik ki, həm biz, həm də Azərbaycan bu quruma qoşula bilər və qoşulmalıdır”, – deyə Mirzoyan vurğulayıb.

Bəs Azərbaycan üçün bu müraciətin strateji əhəmiyyəti nədir?

Mövzu ilə bağlı Bakupost.az-a açıqlamasında Elçin Xalidbəyli bildirib ki, Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatına xeyli müddət əvvəl müraciət edib və hələlik tam hüquqlu üzv olmasa da, müşahidəçi qismində bu təşkilatın toplantılarında iştirak edir:

“Yəni Azərbaycan üçün Şanxay Əməkdaşlıq Təşkilatı strateji xarakter daşıyan bir qurumdur. Çünki iqtisadi cəhətdən Azərbaycanın Şərqə doğru açılmasında bu təşkilatın böyük önəmi ola bilər. Digər tərəfdən, Şanxay Əməkdaşlıq Təşkilatının da Azərbaycanla, eləcə də Ermənistanla əməkdaşlıq etməkdə, hətta üzv qəbul etməkdə müəyyən maraqları var. Bu maraqların sırasına ilk növbədə Cənubi Qafqazdan keçəcək dəhlizlər daxildir. Çünki Avropa və Asiya arasında iqtisadi-ticarət əməkdaşlığının, yəni yük daşımalarının, bu tipli nəqliyyat-kommunikasiya əlaqələrinin ən rahat variantı Cənubi Qafqazdan istifadə etməkdir”.

E.Xalidbəyli vurğulayıb ki, hazırda Azərbaycanın həm dəmir yolu, həm də enerji resurslarının nəqli sistemi Asiya ölkələri, o cümlədən ŞƏT üçün strateji önəm daşıyır:

“Artıq Çin Azərbaycanının nəqliyyat-kommunikasiya xətlərindən istifadə etməyə başlayıb. Orta Asiya ölkələri də Azərbaycan neft boru kəmərləri ilə enerji resurslarını Avropa bazarlarına çıxarma məsələsində müəyyən addımlar atmağa başlayıblar. Xüsusilə Türkmənistan və Qazaxıstan bu məsələlərdə fəallıq göstərir.Yəni Azərbaycan artıq elə bir coğrafi mövqedədir ki, həm Avropa, həm Asiya ölkələri üçün böyük önəm daşıyır. Ancaq Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına yaxın vaxtlarda üzv olub-olmayacağı bir qədər qətiləşmiş məsələ deyil. Çünki burada Rusiyanın mövqeyi böyük önəm daşıya bilər. Düzdür, Çin Azərbaycanın strateji tərəfdaşı kimi Şanxay Əməkdaşlıq Təşkilatına üzvlüyünü dəstəkləyir. Bu, bir neçə dəfə də bəyan olunub. Ancaq Rusiya ilə məsələlər bir qədər qəlizləşib. Çünki əvvəllər Rusiya ilə münasibətlər normal idi, ancaq son vaxtlar Rusiya-Azərbaycan münasibətlərində kəskin ziddiyyətlər olduğuna görə ehtimal etmək olar ki, Moskva hələlik Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına üzvlüyünə müəyyən əngəllər törətmək niyyətindədir. Hələlik bunun həqiqətən olub-olmayacağı bəlli deyil. Ancaq bununla belə, Zəngəzur dəhlizinin də açılacağını nəzərə aldıqda, Şanxay Əməkdaşlıq Təşkilatı üçün həm Azərbaycan, həm də Ermənistan hazırda strateji iqtisadi-ticarət önəm daşımağa başlayıb. Nəqliyyat-kommunikasiya və logistika sahəsində Azərbaycanın önəmi daha da artıb. Zəngəzur dəhlizi açıldıqdan sonra bu sıraya Ermənistanın da qatılacağı ehtimalı kifayət qədər yüksəkdir”.

Lalə Novruz,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar