Nə qədər ki, Rusiya Ukraynaya qarşı işğalçı müharibəni davam etdirir, Kreml Kiyevlə əməkdaşlıq edən ölkələri də hədəf seçəcək.
Bakupost.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bildirib.
O qeyd edib ki, Rusiyanın Kiyevdə Azərbaycan səfirliyini raket atəşinə tutması, Dövlət Neft Şirkətinin Ukraynadakı yanacaq mərkəzlərinə endirdiyi zərbələr, Odessa limanında sıxışdırılmış qaz daşıyan Türkiyə gəmisini hədəf götürməsi, Avropa dövlətlərinin hava sahəsinə göndərilən dronlar bu “siyasətin” tərkib hissəsidir:
"Rusiya bu dəfə Polşa dəmir yolunu hədəf seçib. Rusiya kəşfiyyat xidmətləri ilə əməkdaşlıq edən Ukrayna vətəndaşları Polşada dəmir yolunu partladaraq Belarusa qaçıblar. Kreml niyə Polşa dəmirlyonun partlatmağa qərar verib? Məsələ burasındadır ki, Ukraynanın dünya ilə əlaqəsi Polşa üzərindən həyata keçirilir, müxtəlif ölkələrin rəsmiləri Polşanın dəmiryolundan istifadə edərək Ukraynaya səfərlər edirlər. Ukrayna Prezidenti Volodimir Zelenski də bu dəmiryolundan istifadə edir. Eyni zamanda Ukraynaya hərbi texnika da Polşa dəmiryolu vasitəsilə Ukraynaya çatdırılır. Bu səbəbdən Kremlin Polşa ərazisindəki dəmiryolunu hədəf götürəcəyi gözlənilən idi. Bundan sonra həmin dəmiryolunun təhlükəsizliyinə diqqət daha da artırılmalıdır".
Asena,
BakuPost