Rusiya və Çin İranla bağlı müharibə fonunda müəyyən formada dəstək göstərə bilər.
Bakupost.az CNN-ə istinadən xəbər verir ki, ABŞ kəşfiyyat hesabatları ilə tanış olan bir neçə mənbəyə istinadən edən telekanalın məlumatına görə, Moskva İrana ABŞ hərbi qüvvələrinin yerləşməsi və hərəkəti barədə kəşfiyyat məlumatları təqdim edir. Bu məlumatlara Amerika qoşunlarının mövqeləri, həmçinin hərbi gəmilərin və təyyarələrin hərəkəti də daxildir. Mənbələrə görə, bu informasiyanın böyük hissəsi Rusiya peyklərindən əldə olunur.
Bundan əvvəl “The Washington Post” da yazmışdı ki, Rusiya kəşfiyyat məlumatları İranın Yaxın Şərqdəki ABŞ hərbi infrastrukturuna daha dəqiq zərbələr endirməsinə kömək edir. Bildirilir ki, döyüşlərin başlanmasından sonra İranın ABŞ qüvvələrini müəyyən etmək imkanları zəifləyib və buna görə də Moskvadan gələn məlumatlar Tehran üçün xüsusilə dəyərli hesab olunur.
Məlumata görə, münaqişə başlayandan bəri İran ABŞ obyektlərinə qarşı minlərlə pilotsuz uçuş aparatı və yüzlərlə raket buraxıb. Hücumlardan biri Küveytdə baş verib və nəticədə altı ABŞ hərbçisi həlak olub.
CNN-in məlumatına əsasən, ABŞ kəşfiyyatında olan digər məlumatlara görə, Çin də İrana maliyyə yardımı, raketlər üçün ehtiyat hissələri və komponentlər təqdim etməyə hazırlaşa bilər. Mənbələrin sözlərinə görə, Pekin indiyə qədər müharibədən kənarda qalmağa çalışsa da, İran neftindən ciddi şəkildə asılıdır.
Bildirilir ki, Çin eyni zamanda Hörmüz boğazı vasitəsilə dəniz nəqliyyatının təhlükəsiz keçidinin təmin olunması üçün Tehrana təzyiq göstərir.
“Çin dəstək məsələsində daha ehtiyatlıdır. O, müharibənin bitməsini istəyir, çünki bu, onların enerji təchizatını risk altına qoyur”, – deyə CNN-ə danışan mənbələrdən biri bildirib.
ABŞ müdafiə naziri Pete Heqset isə Vaşinqtonun bütün əlaqələri izlədiyini və qəbuledilməz addımların qarşısını aldığını bildirib. Onun sözlərinə görə, hazırda Rusiya və Çin İranla müharibədə “real faktor” hesab olunmur.
Eyni zamanda ABŞ prezidenti Donald Trump Rusiyanın İrana ABŞ obyektlərinə zərbələr endirməyə kömək etməsi ilə bağlı xəbərləri şərh etməkdən imtina edib.
Cavid, BakuPost