Rusiyanın “Baza” Telegram kanalının ofisində hüquq-mühafizə orqanları tərəfindən axtarışlar aparılır.
Bakupost.az xəbər verir ki, bu barədə məlumatı "Baza" özü yayıb.
Qeyd olunur ki, səhər saatlarında polis və OMON əməkdaşları kanalın baş redaktoru Qleb Trifonovun mənzilinə gəliblər. Hazırda onunla əlaqə saxlamaq mümkün deyil.
Trifonovun qonşularının bildirdiyinə görə, o, naməlum istiqamətdə aparılıb. Onun harada olduğu haqda nə həmkarları, nə yaxınları, nə də vəkilləri məlumat əldə edə biliblər.
Daha sonra polis əməkdaşları redaksiyanın ofisinə gəliblər. O zaman ofisdə olan əməkdaşlarla da əlaqə itib.
Axtarışların səbəbi hələlik açıqlanmır.
“Baza”nın ehtimalına görə, bu, Rusiya bölgələrinin birində başlanmış cinayət işi ilə əlaqəli ola bilər.
Rusiya Federasiyasının İstintaq Komitəsi polis əməkdaşlarının vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi ilə bağlı cinayət işi başladıldığını açıqlayıb. Bu çərçivədə Moskva, Krasnodar, Krasnoyarsk, eləcə də Belqorod vilayətində axtarışlar aparılıb.
Qurumun məlumatına əsasən, Krasnodar və Krasnoyarsk diyarlarında, eləcə də Belqorod vilayətində "məhdud girişli informasiyanın qanunsuz ötürülməsi" faktları aşkarlanıb. Həmin məlumatların sonradan Telegram kanallarından birində yayımlandığı bildirilib. İlkin ehtimallara görə, söhbət "Baza" kanalından gedə bilər.
Lalə,
BakuPost