Xəbər verdiyimiz kimi, Rusiya Dövlət Dumasının MDB və Azərbaycan işləri üzrə komitəsi sədrinin birinci müavini Konstantin Zatulin RTVI telekanalına müsahibəsində bildirib ki, Rusiya Azərbaycanla hava və dəmir yolu əlaqəsini dayandıra bilər.
Bəs, Rusiyanın belə bir addımın atması nə dərəcədə realdır? Əgər bu, baş verərsə, Azərbaycanın üçün hansı mənfi nəticələri olacaq?
Məsələ ilə bağlı iqtisadçı ekspert Xalid Kərimli
Bakupost.az-a açıqlamasında bildirib ki, Zatulinin ehtimalı inandırıcı deyil:
“Rusiya niyə Azərbaycanla əlaqələri kəssin? Sadəcə təhdid edirlər. Bu, şantaj xarakterli bəyanatdır. Gözlənilən deyil. Çünki Rusiyanın Azərbaycanla ciddi əlaqələri mövcuddur. Və bunun ləğvi nə Azərbaycanın, nə də Rusiyanın xeyrinədir. Münasibətlərin pisləşməsi hər iki ölkənin ziyanına olan məsələdir. Rusiyanı qonşu dövlət hesab edirik, amma Ukraynaya hücum edib və ondan hər şey gözləmək olar. Yəni Rusiyanın Ukraynaya hücumunu kim gözləyirdi ki? İndi Azərbaycanla hava və dəmir yolu əlaqəsini dayandırsalar, münasibətlərdə ciddi şəkildə problem yarana bilər. Rusiya Azərbaycanın ən çox idxal etdiyi ölkələrdən biridir. Rusiya idxalı Azərbaycan üçün vacibdir. Bundan başqa, orada yüz minlərlə soydaşımız işləyib, çalışır. Gözlənilən və ağlabatan deyil. Amma hər şey də gözləmək olar. Ciddi mənfi təsirləri Rusiyadan çox Azərbaycana olacaq”.
Lalə Novruz,
BakuPost