Qırğızıstanın sabiq prezidenti Almazbek Atambayev dövlət mükafatlarından məhrum edilib.
Bakupost.az Qırğızıstan mediasına istinadən xəbər verir ki, ölkə prezidenti Sadır Japarov bununla bağlı müvafiq fərman imzalayıb.
Fərmana əsasən, Almazbek Atambayevin Qırğızıstanın ali fərqlənmə dərəcəsi olan “Qırğız Respublikasının bahadırı”, II dərəcəli “Manas” ordeni, “Danaker” ordeni və “Dank” medalıları əlindən alınıb. Hüquq-mühafizə orqanlarına həmin mükafatların dövlət fonduna təhvil verilməsi tapşırılıb.
Qeyd olunur ki, bu qərar məhkəmə hökmünün icrası çərçivəsində qəbul edilib. Atambayev 2011–2017-ci illərdə Qırğızıstan prezidenti olub. O, 2020-ci ildə kriminal avtoritet Aziz Batukayevin qanunsuz azadlığa buraxılması işi üzrə 11 il 2 ay azadlıqdan məhrum edilsə də, sonradan bu hökm ləğv edilərək iş yenidən baxılması üçün məhkəməyə qaytarılıb.
2023-cü ildə Almazbek Atambayev azadlığa buraxılıb və müalicə məqsədilə ölkəni tərk etməsinə icazə verilib. Hazırda onun ölkədən kənarda olduğu bildirilir.
Qırğız mediası xatırladır ki, 2025-ci ilin iyun ayında Atambayev qiyabi qaydada 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Həmin hökm torpaq sahələrinin qanunsuz əldə edilməsi, qanunsuz varlanma və 2019-cu ilin avqustunda Koy-Taş kəndində baş vermiş iğtişaşlarda iştirakla bağlı üç cinayət işi üzrə çıxarılıb. Hökmə əsasən, sabiq prezidentin əmlakının müsadirəsi və dövlət mükafatlarından məhrum edilməsi də nəzərdə tutulub.
Cavid, BakuPost