Rusiya məhkəməsi Azərbaycan diasporunun keçmiş rəhbəri Şahin Şıxlınski və onun yaxınları haqqında hökm verib.
Bakupost.az “Kommersant”a istinadən xəbər verir ki, Yekaterinburq şəhərində keçirilən məhkəmədə Şıxlınski ilə yanaşı altı nəfər də Şücayəddin Rəcəbov, Akif, Ayaz, Bəkir, Kamal və Məzahir Səfərovlar ittiham olunurdu. Onlar 2001, 2010 və 2011-ci illərdə yerli iş adamlarına qarşı qətl və qətl cəhdləri törətməkdə günahlandırılırdı.
İttihama görə, qətllər və cəhdlər biznesdə nüfuz dairəsinin bölünməsi və diaspor liderliyi uğrunda mübarizə məqsədilə törədilib. Məhkəmə prosesi məhkəmə heyəti ilə aparılıb və fevralın 11-dəki prosesdə altı nəfərdən ibarət heyət müttəhimləri günahkar hesab edib.
Bu gün (martın 5-də) məhkəmə hökmü elan edilib:
Şahin Şıxlınski – ilk 4 ilini həbsxanada keçirməklə 22 il həbs və əlavə olaraq 1 il 10 ay məhdudiyyətlərlə cəzalanıb. O, həmçinin 600 min rubl (təxminən 13 min manat) kompensasiya ödəməlidir. Şıxlınski Yunis Paşayevin qətlində və Fehruz Şirinova qarşı qətl cəhdində iştirak etmiş hesab olunur. Xatırladaq ki, prokuror müttəhimə 23 il həbs istəmişdi.
Akif Səfərov – ilk 4 il həbsxanada olmaqla 21 il həbs, sonrakı müddət məhdudiyyətlərlə.
Ayaz Səfərov – ilk 4 il həbsxanada olmaqla 20 il həbs və 1 il 10 ay məhdudiyyət.
Kamal Səfərov – ilk 4 il həbsxanada olmaqla 14 il həbs.
Məzahir Səfərov – ilk 4 il həbsxanada olmaqla 13 il həbs.
Məhkəmə heyəti yalnız Bəkir Səfərov üçün yumşalma tətbiq edilməsi lazım olduğunu qərara alıb.
Şıxlınski 1 iyul 2025-ci ildə “Baku Plaza” qarşısında saxlanılıb. O, oğlu Mütvalı Şıxlınskinin idarə etdiyi avtomobildə həbs olunub. Saxlanma zamanı Mütvalı nəqliyyat vasitəsini sürərək polis əməkdaşını vurub bir neçə metr sürükləyib. Buna görə Mutvalıya vəzifəli şəxsə qarşı zorakılıq maddəsi ilə cinayət işi açılıb və hazırda həbsdədir.
Şıxlınski əvvəlcə sorğu-sualdan sonra buraxılıb, lakin daha sonra federal axtarışa verilmişdi. O, avqust 2025-ci ildə Moskva şəhərində saxlanaraq Yekaterinburqa gətirilib və o vaxtdan həbsdədir.
Cavid, BakuPost