Ru
17:59 / 24 Noyabr 2025

Saxta avrolar yayılır – 20 və 50-lik əskinaslara diqqət

Saxta avrolar yayılır – 20 və 50-lik əskinaslara diqqət
Eye

Avropada son vaxtlar saxta 20 və 50 avroluq əsginasların sayı nəzərəçarpacaq dərəcədə artıb. Saxtakarların ən çox hazırladığı bu iki əsginasın keyfiyyəti getdikcə daha da peşəkarlaşır.

Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, saxta əsginasların böyük hissəsi marketlərdə aparılan kiçik alış-verişlərdə, avtomatlaşdırılmış kassalarda, yanacaqdoldurma məntəqələrində və nağd ödənişlə işləyən kiçik biznes obyektlərində aşkarlanır.

Mütəxəssislər bildirirlər ki, son dövrdə ələ keçirilən saxta pullar görünüşcə orijinallara çox bənzəyir. Kağızın qalınlığı demək olar ki, eynidir, rəng keçidləri olduqca uğurla alınıb, təhlükəsizlik zolaqları vizual olaraq köçürülüb və hətta bəzi əsginaslarda su nişanının belə saxta versiyası mövcuddur. Buna baxmayaraq, ultrabənövşəyi şüa ilə aparılan yoxlamalarda saxtakarlıq dərhal üzə çıxır.

20 və 50 avroluq əsginasların əsas hədəf seçilməsinin səbəbi isə onların ən çox istifadə olunan nominallar olmasıdır. Bu əsginaslar həm kiçik, həm də orta ölçülü alış-verişlərdə geniş istifadə olunduğundan, kassaların hər bir əsginası detalı ilə yoxlaması çətinləşir və saxtakarlar üçün aşkarlanma riski azalır.

Polis və aidiyyəti qurumlar vətəndaşlara və sahibkarlara müraciət edərək banknotların mütləq işığa tutularaq su nişanının yoxlanılmasını, holoqram zolağında rəng dəyişikliklərinin izlənilməsini, kağızın xüsusi pambıqlı teksturasına diqqət yetirilməsini tövsiyə edir. Şübhəli əsginaslar aşkar edildikdə isə dərhal polisə məlumat verilməsi xahiş olunur.

Xüsusilə ilin sonu alış-veriş mövsümünün yaxınlaşdığı bir vaxtda saxtakarların daha çox saxta əsginas dövriyyəyə buraxmağa çalışdıqları bildirilir.

Cavid, BakuPost
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar