ABŞ Prezidenti Donald Tramp İranla müharibədə qələbə qazandıqlarını bəyan etsə də, hərbi əməliyyatların Vaşinqtona maliyyə yükü artmaqda davam edir.
"Bakupost" “Qafqazinfo”ya istinadla xəbər verir ki, bu barədə “The Hill” nəşri məlumat yayıb.
ABŞ Konqresinin Büdcə İdarəsinin (CBO) hesablamalarına görə, oktyabrın 16-na qədər İranla müharibəyə çəkilən xərclər 47,1 milyard dollara çatıb. Bunun 38 milyard dolları fevralın 28-dən avqustun əvvəlinədək olan dövrə aiddir. Beləliklə, sonrakı təxminən üç ay ərzində hərbi əməliyyatların intensivliyinin azalmasına baxmayaraq, əlavə 9 milyard dollar xərclənib.
Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin (CSIS) Yaxın Şərq proqramının direktoru Mona Yakubian bildirib ki, ABŞ müharibəyə hər ay 2-3 milyard dollar xərcləyir və ümumi məbləğ 50 milyard dollara yaxınlaşır:
“Müharibə hələ bitməyib. Qarşıdurma yenidən şiddətlənərsə, xərclər də artacaq”.
Məlumata görə, ABŞ-nin əsas xərcləri Hörmüz boğazında İrana qarşı tətbiq etdiyi dəniz blokadasının saxlanılması ilə bağlıdır. Artıq 100 gündən çox davam edən blokada hərbi gəmilərin, şəxsi heyətin və digər resursların fasiləsiz təminatını tələb edir.
Agentlik bildirib ki, noyabrın ilk həftəsində ABŞ-nin Ərəbistan dənizində iki təyyarədaşıyan gəmi, 11 esmines və bir kreyser, Qırmızı dənizdə isə daha iki esminesi yerləşdirilib. Aralıq dənizində də üç ABŞ esminesi fəaliyyət göstərib.
Bundan başqa, İranın hücumları nəticəsində zədələnmiş və ya məhv edilmiş ABŞ hərbi obyektlərinin bərpası və əvəzlənməsi üçün 65 milyard dollardan çox vəsait tələb oluna bilər. Bu məbləğ CBO-nun hesablamalarına daxil edilməyib.
Tramp administrasiyası müharibə xərclərini qarşılamaq, yeni silahlar və şəxsi heyət üçün 70 milyard dollaradək fövqəladə hərbi maliyyələşdirmə istəyir. Tramp isə ABŞ-nin müharibə xərclərinin regiondakı müttəfiqləri tərəfindən ödəniləcəyini bildirib:
“Qoruduğumuz ölkələr müharibə ilə bağlı çəkdiyimiz bütün xərcləri bizə geri ödəyəcəklər”.
Nəşr yazır ki, Hörmüz boğazındakı vəziyyət ABŞ-də yanacaq və digər məhsulların qiymətlərinə də təsir göstərir. Proqnozlara əsasən, bu qış amerikalı ailələrin orta istilik xərcləri ötən illə müqayisədə 7,1 faiz artaraq 1002 dollara çatacaq.
Qeyd edək ki, Tramp daha əvvəl İranın hərbi baxımdan məğlub olduğunu və ABŞ-nin qələbə qazandığını bəyan edib. Bununla belə, o, tam qələbəyə nail olmaq istədiyini vurğulayıb.