ABŞ və Türkiyədən olan tədqiqatçılar 42–94 yaş arası, 20 ildən çox izlənmiş təxminən 3 min Böyük Britaniya sakininin məlumatlarını təhlil ediblər. Nəticədə məlum olub ki, səhər yeməyinin gec qəbulu ölüm riskini artırır.
Bakupost.az xəbər verir ki, araşdırma “Communications Medicine” jurnalında dərc olunub.
Alimlər müəyyən ediblər ki, yaş artdıqca insanlar həm səhər, həm də şam yeməyini daha gec qəbul etməyə başlayır və gün ərzində “yemək pəncərəsi” qısalır. Gecikmiş səhər yeməyi yalnız artmış ölüm göstəriciləri ilə deyil, həm də depressiya, yorğunluq, yuxu pozğunluqları, yemək hazırlamaqda çətinlik və ağız boşluğu xəstəlikləri ilə əlaqələndirilib.
Xüsusilə bu əlaqə, genetik olaraq “bayquş” xronotipinə (gec yatmaq və gec oyanmaq meyli) sahib olanlarda daha qabarıq müşahidə olunub.
“Qida qəbulunun vaxtının dəyişməsi, xüsusən səhər yeməyinin gecikməsi, ümumi sağlamlığın sadə göstəricisi və mümkün fiziki və ya psixoloji pozuntuların erkən siqnalı ola bilər. Bu isə səhər yeməyinin xüsusən yaşlı insanlar üçün ən vacib qida qəbulu olduğunu təsdiqləyir”, – deyə aparıcı müəllif, Massaçusets Ümumi Xəstəxanasının qidalanma mütəxəssisi və xronobioloqu Həsən Daşti qeyd edib.
Lalə, BakuPost