Ru
19:44 / 26 Oktyabr 2021

Şəhid anası intihar etməyib - RƏSMİ AÇIQLAMA

Şəhid anası intihar etməyib -  RƏSMİ AÇIQLAMA
Eye

Vətən Müharibəsi şəhidi Sahib Həsənovun anası Vüsalə Məmmədova intihara cəhd etməsi ilə bağlı məlumat yayılıb.

Bakupost.az xəbər verir ki, V.Məmmədova sosial problemləri ilə bağlı bu gün Gəncə Şəhər İcra Hakimiyyətinin binası qarşısında çoxsaylı dərman həbləri içdiyi iddia olunub.

Gəncə şəhər 3 saylı xəstəxanasına yerləşdirilən V.Məmmədovanın vəziyyətinin normal olduğu bildirilir.

Məsələ ilə bağlı Gəncə Şəhər İcra Hakimiyyətindən açıqlama verilib:

"Bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkə hesablarında Vətən Müharibəsi şəhidi Həsənov Sahib Azər oğlunun anası Məmmədova Vüsalə Gülbala qızının intihara cəhd etməsi ilə bağlı məlumatlar yayılmışdır. Bildiririk ki, bunların heç biri həqiqəti əks etdirmir. V.Məmmədova növbəti qəbulla bağlı Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatına gələrkən səhhəti pisləşmiş, dərhal Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Qeyd edək ki, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov şəhid anasını xəstəxanada ziyarət etmiş, onun vəziyyəti ilə maraqlanıb. V.Məmmədova ona göstərilən diqqət və qayğıya görə öz minnətdarlığını bildirib. Həkimlərin verdiyi məlumata görə hazırda onun vəziyyəti yaxşıdır.

Əlavə olaraq bildiririk ki, Vətən Müharibəsi şəhidi Həsənov Sahib Azər oğlunun anası Məmmədova Vüsalə Gülbala qızı dəfələrlə Gəncə Şəhər İcra Hakimiyyətində qəbul edilib, onu narahat edən məsələlərin həlli istiqamətində müvafiq tədbirlər görülüb. Belə ki, Vüsalə Məmmədovanın yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil uçotuna alınması məsələsinə Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatı nəzdində Mənzil məsələləri üzrə İctimai komissiyada baxılıb və Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müvafiq Sərəncamı ilə şəhid ailəsi kimi mənzil uçotuna alınıb. V.Məmmədovaya Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən mənzil kiyarəsinin ödənilməsi üçün maddi yardım göstərilib, ərzaq yardımı edilib, məişət avadanlıqları ilə bağlı YAŞAT Fondu tərəfindən müvafiq qaydada yardım edilib. Bununla yanaşı şəhid Həsənov Sahib Azər oğlunun il mərasiminin təşkili ilə bağlı ailəyə maddi köməklik göstərilib.

Kütləvi informasiya vasitələri nümayəndələri və vətəndaşlardan yalnız rəsmi məlumatlara istinad etmələri xahiş olunur".

Xatırladaq ki, S.Həsənov 2019-cu ildən müddətdən artıq hərbi xidmət qulluqçusu (MAXE) kimi xidmət edib. Şəhid olduqdan sonra “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə”və “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilib.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar