İranla ABŞ arasında atəşkəsin əldə edilməsi təkcə Amerikada deyil, İslam ölkəsinin özündə də müəyyən narazılıqlara səbəb olub.
Bakupost.az xəbər verir ki, İrandakı SEPAH-a bağlı ultra-mühafizəkar dairələr ABŞ-la müharibənin bitməsindən narazılıqlarını bildirərək, Tehranın "ABŞ və İsrail üzərində üstünlük əldə etdiyini" və düşmənçiliklərin davam etməli olduğunu iddia ediblər.
Məlumata görə, İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) nəzarətində olan Bəsic milisinin bir qrup döyüşçüsü qərara etiraz etmək üçün gecə saatlarında Xarici İşlər Nazirliyinin binasına doğru yürüş təşkil ediblər. İranın radikal mətbu orqanı "Kayhan" qəzeti isə yazıb ki, atəşkəs razılaşması "düşmənə hədiyyə" olmaqla yanaşı, onlara təchizatı artırmağa və müharibəni davam etdirməyə imkan verəcək.
“Atlas” Araşdırmalar Mərkəzinin sədri Elxan Şahinoğlu
Bakupost.az-a bildirib ki, atəşkəs məsələsinə münasibətdə SEPAH daxilində müəyyən fikir ixtilafının yaranacağı gözlənilən idi:
“Generalların içərisində atəşkəs və fasilənin əldə edilməsində maraqlı olanlarla yanaşı, bunun əksini düşünənlər də var. Onlar düşünür ki, razılaşmaya getmək İranın zəif görünməsi anlamına gələcək. Bu əsasda da zabitlərin radikal kəsimi İsrail və Körfəz ölkələrinə zərbələrin davam etdirilməsini istəyir”.
Bununla yanaşı, politoloq hesab edir ki, Tehranda SEPAH-a bağlı ultra-mühafizəkarların atəşkəs əleyhinə keçirdikləri mitinq şou xarakteri daşıyır:
“Bununla qarşı tərəfə göstərmək istəyirlər ki, müharibənin bitməsində maraqlı tərəf İran yox, ABŞ olub. ABŞ hədəfinə çata bilmədiyindən atəşkəs istəyib. Eyni zamanda, göstərmək istəyiblər ki, İran istəsəydi hədəfinə çata bilərdi”.
Ekspert qeyd edir ki, müharibəni davam etdirməklə İran heç bir nəticə əldə etməyəcək:
“Qələbə eyforiyası əbəsdir. Çünki bu müharibənin qalibi yoxdur. İran dağıdılıb. SEPAH ölkəni necə yenidən quracaq? Bütün bunları həll etmək lazım gələcək ki, onda da SEPAH mürəkkəb durumla üz-üzə qalacaq”.
Atəşkəsə gəldikdə həmsöhbətimiz onun müəyyən müddət davam edəcəyi qənaətindədir:
“Rəsmi Tehran da bunda maraqlıdır. Amma razılaşma, hansısa yazılı bir sazişin imzalanacağını gözləmirəm”.
Rüfət Sultan, BakuPost