Ru
13:40 / 18 Avqust 2026

Sosial platformalarda milli-etnik təhlükəsizlik… - RƏYLƏR

Sosial platformalarda milli-etnik təhlükəsizlik… - RƏYLƏR
Eye

Müasir dövrdə sosial platformalardan milli və etnik zəmində dezinformasiyanın, nifrət nitqinin və informasiya təxribatlarının yayılması az qala vərdiş halını alıb. Məhz buna görə də sosial platformalarda milli-etnik təhlükəsizliyin qorunması dövlət qurumları ilə yanaşı vətəndaş cəmiyyəti, etnik və dini icmaların ortaq məsuliyyəti hesab olunur. “Sosial platformalarda milli-etnik təhlükəsizlik necə qorunmalıdır?” sualı ilə “Kamillik Vətəndaşların Hüquqi Maarifləndirilməsi” İctimai Birliyinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Virtual məkanda etnomədəni sabitlik və təxribatların qarşısının alınması təşəbbüslərinə dəstək” layihəsinin qonaqlarına müraciət etdik.

Şair, tərcüməçi, Azərbaycan Jurnalistlər Birliyinin, eləcə də Azərbaycan, Gürcüstan və Rusiya Yazıçılar birliklərinin üzvü Giya Paçxataşvili (ədəbi təxəllüsü - Givi) hesab edir ki, virtual məkanda etnik və dini zəmində yayılan dezinformasiyalar və informasiya təxribatları milli-etnik təhlükəsizlik üçün ciddi risk yaradır: “Sosial şəbəkələrdə yayılan saxta məlumatlar cəmiyyətdə qarşıdurma yaratmağa hesablanır. Belə halların qarşısının alınması üçün media, vətəndaş cəmiyyəti institutları və istifadəçilər məsuliyyətli davranmalı, məlumatları etibarlı mənbələrdən yoxlamalı və nifrət nitqinə qarşı maarifləndirmə fəaliyyətini gücləndirməlidirlər.

G.Paçxataşvili müxtəlif etnik və dini mənsubiyyətə malik insanlara, xüsusilə də gənclərə müraciət edərək bildirib ki, Azərbaycanın tolerantlıq ənənələrinin qorunması hər bir vətəndaşın ortaq məsuliyyətidir. Onun fikrincə, qarşılıqlı hörmət, dialoq və həmrəylik sosial platformalarda milli-etnik təhlükəsizliyin əsas dayaqlarıdır və bu dəyərlər gələcək nəsillərə ötürülməlidir.

Azərbaycan-Avar İctimai Birliyinin sədr müavini Elşad Qoqayev bildirib ki, internet və sosial media müxtəlif xalqların mədəni irsinin tanıdılması, etnik icmalar arasında qarşılıqlı anlaşmanın gücləndirilməsi üçün geniş imkanlar yaradır: “Eyni zamanda bu platformalar dezinformasiya, nifrət nitqi və cəmiyyətdə qarşıdurma yaratmağa yönəlmiş təxribatların yayılması üçün də istifadə oluna bilir. Buna görə də milli-etnik təhlükəsizliyin qorunması yalnız dövlət qurumlarının deyil, bütövlükdə cəmiyyətin ortaq məsuliyyətidir”.

E.Qoqayev bildirib ki, Azərbaycanın multikultural modeli informasiya müharibələri və xarici təxribatlar qarşısında kifayət qədər güclü əsaslara malikdir: “Müxtəlif xalqlar arasında formalaşmış qarşılıqlı etimad mühiti istənilən təxribat cəhdlərinin qarşısını almaqda mühüm rol oynayır. Bununla yanaşı, informasiya təhlükəsizliyi sahəsində davamlı maarifləndirmə işlərinin aparılması, cəmiyyətin media savadlılığının artırılması və rəqəmsal təhlükələr barədə məlumatlandırılması günün əsas tələblərindəndir”.

O, sosial media platformalarının da məsuliyyət daşıdığını vurğulayaraq qeyd edib ki, rəqəmsal platformalar milli ayrı-seçkiliyi təşviq edən çağırışların və saxta məlumatların yayılmasının qarşısını almaq üçün daha effektiv mexanizmlər tətbiq etməli, istifadəçilər isə paylaşdıqları məlumatların doğruluğunu yoxlamalıdırlar.

Azərbaycan Alban-Udi Xristian İcmasının sədri, geoloq alim və ictimai xadim Robert Mobili sosial platformalarda udi xalqının tarixi, dini və mədəni irsi ilə bağlı yayılan bəzi saxta məlumatların yaratdığı təhlükələrə diqqət çəkib. O bildirib ki, virtual məkanda etnik qarşıdurma çağırışlarının qarşısının alınması milli-etnik təhlükəsizliyin mühüm tərkib hissəsidir.

Robert Mobili hesab edir ki, gənclərin media savadlılığının artırılması, sosial mediada yayılan dezinformasiyanın vaxtında müəyyən edilməsi və etibarlı mənbələrə əsaslanaraq düzgün informasiya əldə edilməsi milli-etnik təhlükəsizliyin qorunması baxımından xüsusi əhəmiyyət daşıyır. O vurğulayıb ki, bu prosesdə jurnalistlərin, media qurumlarının və vətəndaş cəmiyyətinin üzərinə mühüm məsuliyyət düşür.

Xaçmaz rayonunda yaşayan cek icmasının nümayəndəsi Məlik Bağırov bildirib ki, internet və sosial şəbəkələr etnomədəni irsin təbliği baxımından böyük imkanlar yaradır: “Əlbəttə ki, rəqəmsal platformalar vasitəsilə milli-mədəni irsi daha geniş auditoriyaya çatdırmaq, gənc nəslin öz köklərinə marağını artırmaq və müxtəlif xalqlar arasında qarşılıqlı tanıtımı gücləndirmək mümkündür”.

O vurğulayıb ki, sosial platformalarda yayılan dezinformasiya, etnik və dini zəmində qarşıdurma yaratmağa hesablanmış təxribat xarakterli paylaşımlar ciddi təhlükə yaradır: “Belə məlumatların məqsədi cəmiyyət daxilində etimadsızlıq yaratmaq, xalqlar arasında mövcud olan həmrəylik və qarşılıqlı hörmət mühitinə zərbə vurmaqdır”.

Məlik Bağırov qeyd edib ki, bu cür təxribatların qarşısının alınması üçün etnik icmalar informasiya təhlükəsizliyi məsələlərinə həssas yanaşmalı, paylaşdıqları məlumatların düzgünlüyünü yoxlamalı, rəsmi və etibarlı mənbələrə üstünlük verməlidirlər. Gənclərə müraciət edən Məlik Bağırov informasiya təhlükəsizliyi məsələlərində diqqətli olmağa və milli-mənəvi dəyərləri qorumağa çağırıb.

Azərbaycan Yazıçılar Birliyində multikultural məsələlər üzrə məsul şəxs Xatirə Fərəcli də informasiya müharibələrinin artdığı müasir dövrdə ədəbiyyatın və yaradıcı düşüncənin milli-etnik təhlükəsizliyin qorunmasında mühüm rol oynadığını bildirib: “Belə bir vaxtda yazıçılar, şairlər və digər yaradıcı ziyalılar obyektiv informasiya çatdırmaq, milli həmrəyliyi gücləndirmək və humanist dəyərləri təbliğ etmək kimi mühüm missiya daşıyırlar”.

Xatirə Fərəcli qeyd edib ki, sosial platformalarda yayılan əsassız iddialar və çağırışlar ictimai sabitliyə təhlükə yarada bilər: “Bu baxımdan yaradıcı ziyalıların fəal mövqe nümayiş etdirməsi, cəmiyyətdə düzgün ictimai rəyin formalaşdırılmasına dəstək verməsi və milli-mənəvi dəyərlərin təbliğində iştirak etməsi xüsusi əhəmiyyət kəsb edir”.

O, son illər informasiya məkanında Azərbaycanın multikultural mühiti barədə həqiqətə uyğun olmayan məlumatların yayılması hallarına da diqqət çəkərək bildirib ki, belə hallarda yaradıcı ziyalılar faktlara söykənən mövqe nümayiş etdirməli, ölkənin tolerantlıq modelini obyektiv şəkildə təqdim etməli və ictimai rəydə yanlış təsəvvürlərin formalaşmasının qarşısını almağa çalışmalıdırlar.

Göründüyü kimi, sosial platformalarda milli-etnik təhlükəsizliyin qorunması yalnız inzibati nəzarət mexanizmləri ilə deyil, media savadlılığı, obyektiv informasiya siyasəti, etnik və dini müxtəlifliyə hörmət, dövlət, media, vətəndaş cəmiyyəti və ictimai birliklər arasında səmərəli əməkdaşlıq sayəsində mümkün olur. Məhz bu yanaşma virtual məkanda dezinformasiyanın, nifrət nitqinin və informasiya təxribatlarının qarşısının alınmasına, Azərbaycanın multikultural dəyərlərinin və ictimai sabitliyinin qorunmasına xidmət edir.

Bu yazı “Kamillik Vətəndaşların Hüquqi Maarifləndirilməsi” İctimai Birliyinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Virtual məkanda etnomədəni sabitlik və təxribatların qarşısının alınması təşəbbüslərinə dəstək” layihəsi çərçivəsində hazırlanıb.

Zəhra Rahibqızı

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar