Şadlıq evlərində toy sahiblərinə göstərilən xidmət və ödənişlə bağlı çek təqdim edilməməsi vergidən yayınma hallarına səbəb ola bilər.
Vergi sahəsi üzrə mütəxəssis Anar Bayramov
“Bakupost”a bildirib ki, Vergi Məcəlləsinin 16-cı maddəsinə əsasən, vergi ödəyiciləri əhali ilə pul hesablaşmaları apardıqda, mal və ya xidmət satdıqdan sonra ödəniş qəbul edərkən kassa çeki, ödəniş qəbzi və qanunvericilikdə nəzərdə tutulan digər ödəniş sənədlərini təqdim etməlidirlər.
Mütəxəssisin sözlərinə görə, müşahidələr zamanı xüsusilə ictimai iaşə obyektlərində, restoranlarda və şadlıq saraylarında müştərilərdən ödəniş qəbul edilərkən onlara heç bir sənəd təqdim edilmədiyi hallara rast gəlinir.
Anar Bayramov qeyd edib ki, bu, ciddi şəkildə vergidən yayınma üsuludur. Belə hallarda sahibkarlar dövriyyələrini gizlədir və hesabatlarında yalnız simvolik rəqəmlər əks etdirərək dövlət büdcəsinə vergiləri ödəməkdən yayınırlar.
O bildirib ki, şadlıq sarayları yalnız öz gəlirlərini deyil, xərclərini də rəsmiləşdirmədikdə digər şəxslərin gəlirlərinin də vergidən yayınmasına şərait yaradır.
“Şadlıq sarayında istifadə etdiyi bütün avadanlıqları, bütün istifadə olunan ərzaqları, malları rəsmi sənədlərlə əldə edərlərsə, toylarda musiqiçilərin, müğənnilərin ödənişlərini rəsmi şəkildə ödəyib rəsmiləşdirərlərsə, nəticədə məcburdurlar ki, bu xərcin qarşılığında gəlirlərini də bəyan etsinlər”, - deyə mütəxəssis bildirib.
Onun sözlərinə görə, şadlıq saraylarının xərcləri digər şəxslərin gəlirləri olduğundan, bu gəlirlərin rəsmiləşdirilməməsi zəncirvari şəkildə vergidən yayınmaya səbəb olur.
Anar Bayramov qeyd edib ki, vergi orqanları tərəfindən şadlıq saraylarında operativ vergi yoxlamaları və müxtəlif nəzarət tədbirləri həyata keçirilir. Bəzi obyektlərdə real vaxt rejimində müşahidə üçün kameralar da quraşdırılıb.
Mütəxəssis şadlıq saraylarının sayının çox olması və burada hər gün toy, məclis, konsert və digər tədbirlərin keçirilməsi səbəbindən bütün obyektlərə nəzarətin çətin olduğunu bildirib.
Onun sözlərinə görə, gələcəkdə vergi orqanları tərəfindən daha operativ və çevik nəzarət tədbirləri ilə yanaşı, vergi ödəyicilərini öz gəlirlərini bəyan etməyə stimullaşdıran tədbirlərin də həyata keçirilməsi gözlənilir.
Vüsalə Hüseynova,
BakuPost