“SpaceX”in məlumat mərkəzlərini kosmosda yerləşdirməklə bağlı planı yenidən müzakirə mövzusuna çevrilib. Süni intellekt texnologiyalarının sürətli inkişafı bu cür mərkəzlərə tələbatı artırsa da, onların Yer üzərində tikintisi ilə bağlı narahatlıqlar da güclənir.
“Bakupost” xəbər verir ki, ABŞ-nin Nyu-York ştatının qubernatoru Keti Hoxul 50 meqavat və ya daha çox enerji istehlak edən yeni məlumat mərkəzlərinin tikintisinə bir il müddətinə moratorium tətbiq edib.
Qərar məlumat mərkəzlərinin ətraf mühitə təsiri və elektrik enerjisi istehlakını artıracağı ilə bağlı narahatlıqlarla əsaslandırılıb.
Sorğulara əsasən, amerikalıların 71%-i yaşadıqları ərazidə belə məlumat mərkəzinin tikilməsinə qarşıdır. Bu göstərici ötən il 42% idi.
Mütəxəssislər hesab edirlər ki, süni intellektə artan tələbat fonunda məlumat mərkəzlərinin kosmosda yerləşdirilməsi gələcəkdə alternativ həll yollarından birinə çevrilə bilər. Lakin bu layihənin texniki və iqtisadi baxımdan nə dərəcədə səmərəli olacağı hələ də müzakirə mövzusudur.
Vüsalə Hüseynova,
BakuPost