“Nurcanın ölümü məni çox sarsıdıb. Əlavə olaraq jurnalistlərin müraciətləri də mənə təsir edir. İlkin olaraq məsələni araşdırmaq lazımdır. Kiminsə dediyinə görə iddia irli sürmək lazım deyil”.
Bakupost.az “Yeni Sabah”a istinadən xəbər verir ki, bu sözləri “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin təsisçisi və sədri Mehriban Zeynalova deyib.
Onun sözlərinə görə, rəhbəri olduğu təşkilatın sığınacağında baş verən faciənin araşdırılması hələlik istintaq mərhələsindədir:
“Tam əmin olmaq istəyən hər kəs prokurorluğa müraciət edə bilər. Hələlik istintaq gedir. Ona görə də bu məsələ ilə bağlı məlumat verə bilmirəm. Kənardan da elə görünməsin ki, özümü müdafiə edirəm. Lakin hər kəs bilsin ki, bizim təşkilatın heç bir nümayəndəsinin uşaqlara qarşı mənfi davranışı olmayıb. Qalan məsələlərdə də şübhələr varsa, araşdırma etməkdə azadsınız”.
Mehriban Zeynalova qeyd edib ki, hadisə baş verən kimi bütün aidiyyəti qurumlara məlumat verilib:
“Hadisə baş verən kimi hadisə yerinə təcili tibbi yardım, polis əməkdaşları və prokrorluq nümayəndələri dəvət edilib. Məsələni ictimaiyyətdən də gizlətməmişik. Haqqımızda çoxlu iddialar səslənir, susuruq ki, araşdırmalar nəticəsində əsas rəy verilsin. Özümüzə əmin olmasaydıq, bunların heç birini etməzdik”.
Xatırlatma: noyabrın 19-da Bakıda yerləşən “Təmiz Dünya” Qadınlara Yardım İB-nin sığınacağında yaşayan 16 yaşlı Nurcan Cəfərova 4-cü mərtəbədəki pəncərədən yerə yıxılıb. Ölən azyaşlının qohumları yeniyetmənin insan alverinin qurbanı olduğunu iddia edirlər.
Yeniyetmənin anası dünyasını çoxdan dəyişib. Atası Elşad Səfərov isə ölkəyə qayıtdıqdan sonra, noyabrın 18-də uşaqdan rəsmi qaydada imtina edib.