Beyləqanda 53 yaşlı dövlət məmuruna hücum edərək ona xəsarət yetirən 44 yaşlı şəxsin məhkəməsi keçirilib.
Bakupost.az xəbər verir ki, əvvəllər məhkum olunan, son zamanlarda blogger kimi fəaliyyət göstərən Vasif Fətiyev Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq-silah və ya silah qismində əşya tətbiq etməklə) maddəsi ilə təqsirli bilinib.
Məlum olub ki, Vasif “TikTok” səhifəsində “Azərişığ”ın Beyləqan Elektrik Şəbəkəsi barəsində ardıcıl olaraq təhqir dolu paylaşımlarına görə idarənin rəisi Fikrət Əhmədov bloggeri məhkəməyə verib.
Bundan sonra küçədə qarşılaşan Fikrət Əhmədovla Vasif Fətiyev arasında insident baş verib.
Hadisə zamanı blogger idarə rəisini təhqir edib. Ardınca sinəsinə yumruq, daha sonra əlində olan mobil telefonla gözünün altına, qoluna və ağızına bir neçə dəfə zərbələr endirib.
Nəticədə zərərçəkənin üzündə (sol gözünün altında, dodağında) qançırlar yaranıb.
Daha sonra Fikrət Əhmədova məxsus “Changan CS 55 Plus” markalı avtomobilinə bir neçə dəfə zərbə endirib. Avtomobilə 100 manat məbləğində zərər dəyib.
Törətdikləri əməllərə görə, Beyləqan Rayon Məhkəməsində V.Fətiyevə 3 il həbs cəzası verilib.