Əbu-Dabi görüşündən sonra Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, növbəti görüşdə avropalı nümayəndələr də danışıqlar masası arxasında olmaqla bərabər səsvermə hüququna da malik olacaqlar.
“Bakupost” xəbər verir ki, Zelenski bunu Əbu-Dabi danışıqlarının mühüm nəticəsi adlandırıb.
Onun fikrincə, avropalı nümayəndələrin prosesdə iştirakı inkişaf və təhlükəsizlik zəmanəti üçün olduqca vacibdir.
Qeyd edək ki, 10-11 noyabrda Əbu-Dabidə keçirilən ilk görüşdə Avropa təmsil olunmayıb. İndi isə görünür onlar da prosesdə yer alacaqlar. Sözügedən danışıqlarda Avropanın iştirakı prosesə nə verəcək?
Politoloq Əlimusa İbrahimov
“Bakupost”a bildirib ki, Avropa İttifaqı ölkələri nümayəndələrinin Ukrayna, Rusiya və ABŞ arasında keçirilən görüşlərdə iştirakı mühüm hadisədir:
“Həm Kiyev, həm də Avropa İttifaqı ölkələri danışıqlar başlanandan üzü bəri ikincilərin də bu görüşlərdə iştirakını arzulayırdılar. Lakin indiyə qədər bu alınmırdı. Çünki Rusiya imkan vermirdi. Amma Əbu-Dabi görüşündən sonra ABŞ nümayəndələri Kuşnerlə Uitkoff Rusiyaya səfər edərək, Putinlə görüşdülər. Bu səfərdə məqsəd növbəti görüşün keçirilməsi və Aİ ölkələrinin də prosesdə iştirakını təmin etmək idi. Vaşinqton və Kiyevin ciddi israrından sonra Rusiya tərəfinin də verdiyi məlumata görə, növbəti görüşdə Aİ də iştirak edəcək. Kuşner də bu barədə bəyanatla çıxış edib”.
Ekspert qeyd edir ki, bu xəbər Dublində Rusiyaya qarşı növbəti, 22-ci sanksiyalar paketinin tətbiq olumasından bir qədər əvvəl verilib:
“Ona görə də Dublində atılan addımın danışıqlarda Aİ nümayəndələrinin də iştirakı məsələsinə necə təsir edəcəyi hələlik məlum deyil”.
Ekspert hesab edir ki, mövcud vəziyyətdə Kreml böyük ehtimalla Aİ-nin iştirakına müəyyən dərəcədə etiraz edəcək:
“Çünki Moskva danışıqlarda Aİ-nin də iştirakına razılıq verməklə Dublində Rusiyaya qarşı sanksiyaların tətbiq olunmayacağı və yaxud bir qədər yumşalacağını gözləyirdi. Hər şey Rusiya tərəfinin verəcəyi reaksiyası fonunda bəlli olacaq. Yalnız bundan sonra görüşlərin davam etdirilib-etdirilməyəcəyi və bu zaman Aİ-nin də orada olub-olmayacağı barədə qəti fikir bildirmək olar. Hələliksə, Kuşner və Zelenskinin açıqlamalarına rəğmən Aİ nümayəndələrinin görüşlərdə iştirakı məsələsi dəqiq həllini tapmayıb. Rusiya tərəfi hələlik bunu təsdiq etməyib”.
Rüfət Sultan,
BakuPost