Azərbaycanda 2026-cı ilin yanvar-oktyabr aylarında ÜDM real ifadədə 1,7% artaraq 115,9 milyard manata çatıb. Artım əsasən qeyri-neft-qaz sektorunun hesabına formalaşsa da, sənaye istehsalının azalması və investisiya artımının zəifləməsi iqtisadi artımın mənbələri ilə bağlı suallar yaradır.
Hüquq elmləri doktoru, iqtisadçı Vüsalə Əhmədova
“Bakupost”a bildirib ki, əsas məsələ iqtisadiyyatın böyüməsi deyil, bu artımın hansı mənbələr hesabına baş verməsi və nə dərəcədə davamlı olmasıdır.
Onun sözlərinə görə, qeyri-neft sektorunun artması heç də həmişə real istehsalın, sahibkarlığın və ölkənin iqtisadi potensialının genişlənməsi demək deyil. Buna görə də ÜDM-un hansı mənbələr hesabına artdığını araşdırmaq lazımdır.
İqtisadçı qeyd edib ki, qeyri-neft-qaz sektoruna neft və qaz hasilatı, eləcə də bu fəaliyyətlə bağlı sahələrdən kənarda qalan iqtisadi fəaliyyət istiqamətləri daxildir. Lakin məsələn, ticarət və nəqliyyatın böyüməsi qeyri-neft ÜDM-nu artıra bilər, amma bu, mütləq istehsalın yüksəlməsi demək deyil. Eyni zamanda, dövlətin cərimələrdən daha çox vəsait toplaması da iqtisadiyyatda daha çox məhsul istehsal olunduğunu göstərmir.
V.Əhmədovanın sözlərinə görə, ÜDM hesablanarkən ƏDV, aksizlər, idxal və ixrac rüsumları da nəzərə alınır. Buna görə də qeyri-neft sektorundakı artımı qiymətləndirərkən yalnız ÜDM-un artım faizinə baxmaq düzgün deyil. Kənd təsərrüfatı kimi sahələrdə real istehsalın artımı, qeyri-neft ixracının həcmi, yeni yaradılan məhsuldar müəssisələrin sayı, qeyri-neft sektorunda formalaşan əlavə dəyər və onun mənbələri, eləcə də xalis vergilərin ÜDM-da payı da nəzərə alınmalıdır.
İqtisadçı misal olaraq bildirib ki, qeyri-neft ÜDM-u 3% artsa da, sənaye istehsalı, ixrac və özəl investisiyalar zəifləyirsə, bu artımın keyfiyyəti ciddi suallar doğurur. Onun fikrincə, dövlət büdcəsinə daxilolmaların artmasını ölkənin real iqtisadi potensialının genişlənməsi ilə qarışdırmaq olmaz.
İqtisadçı vurğulayıb ki, iqtisadi artım əsasən ticarət dövriyyəsinin genişlənməsi, istehlak, vergi daxilolmaları və dövlət xərcləri hesabına baş verirsə, bu, sənaye istehsalına, ixrac qabiliyyətinə və məhsuldarlığa əsaslanan inkişafdan fərqlənir.
V.Əhmədova hesab edir ki, qeyri-neft sektorunda yaranan artımın nə qədərinin yeni məhsul istehsalından, nə qədərinin xidmətlərdən, nə qədərinin isə xalis vergilərdən formalaşdığını müəyyənləşdirmək vacibdir.
Vüsalə Hüseynova,
BakuPost