İnternetdə süni intellekt vasitəsilə hazırlanan saxta görüntülər və seksual məzmunlu videolar artıq qanunla rəsmi şəkildə qadağan olunur. Milli Məclisdə təklif edilən "Media haqqında" qanuna edilən yeni əlavə bu cür manipulyasiya edilmiş materialların yayılmasının qarşısını almağı hədəfləyir. Qanunvericiliyə təklif edilən 14.1.13-1-ci maddəyə əsasən, bir şəxsin razılığı olmadan onun səsindən və ya görüntüsündən istifadə edərək hazırlanan saxta məzmunların paylaşılması yolverilməzdir. Bura həm real olmayan görüntülər, həm də xüsusi proqramlarla düzəldilmiş pornoqrafik və seksual xarakterli foto, video və audio materiallar daxildir.
Bakupost.az xəbər verir ki, hüquqşünas Şamil Paşayev məsələ ilə bağlı Demokrat.az-a açıqlamasında süni intellektin həyatımıza yeni daxil olduğunu və bu sahə ilə bağlı qanunvericilikdə dəyişikliklərin qarşıdakı zaman dilimində də davam edəcəyinin gözlənildiyini bildirib.
“Bu dəyişikliklər hüquqi zərurətdən, real təcrübələrdən və yaranan yeni hüquq münasibətlərindən irəli gəlir. Yeni münasibətlər formalaşdıqca qanunvericilik də uyğun şəkildə yenilənir və bu, cəmiyyətin bütün sahələrində insanların həyatını tənzimləmək və formalaşdırmaq məqsədi daşıyır. Ümumiyyətlə, süni intellekt vasitəsilə yaradılan saxta və ya seksual məzmunlu materialların yayımının qadağan edilməsi və bunun media haqqında qanunvericiliyə daxil edilməsi müsbət addım kimi qiymətləndirilə bilər. Çünki müşahidə olunur ki, bəzən süni intellekt vasitəsilə dövlət orqanlarının adından vətəndaşlara yalan vədlər verilir, saxta kampaniyalar təşkil olunur və ya ayrı-ayrı şəxslərin adından onların iradəsinə zidd məlumatlar yayılır. Belə hallarda şəxs öz həqiqi mövqeyini sübut edənə qədər artıq cəmiyyətdə onun haqqında müəyyən mənfi imic və yanlış fikir formalaşır. Bu baxımdan, qeyd olunan dəyişikliklər tamamilə məntiqli və zəruridir. Gözlənilir ki, həyatın diktə etdiyi yeni şərtlərə uyğun olaraq bu sahədə qanunvericilik islahatları gələcəkdə də artan xətt üzrə davam edəcək”.
Yəni, artıq kiminsə simasını və ya səsini süni intellektlə saxtalaşdırıb paylaşmaq cinayət məsuliyyəti yarada bilər, çünki bu addım insanların həm şərəf və ləyaqətini qorumaq, həm də dezinformasiyanın qarşısını almaq üçün atılır.