Ru
11:18 / 19 Mart 2020

Talış problemi?

6652

Sevda Sultanova

Mən, milliyətcə talışam. Ona görə düşünürəm ki, Azlogos-da Rahim Şaliyevin “Talış olmaq” yazısına daha rahatlıqla cavab verə bilərəm. Rahimin yazısında bəzi doğru məqamlar olsa da, ümumililkdə məqalənin ritorikasında mübaliğə, heç nədən hay-küy çoxdur, arqumentlər əsassızdır. Əsassız olduğuna görə çox detala girmirəm. Bəzi məqamlara toxunacam.

Yazıda deyilir ki, talışlara qarşı iki cür şablon yanaşma var: “yaxşı talış” – “pis talış”. Bu yanaşmanı həqiqətə uyğun saymıram. Bakıda doğulmuşam, nə özüm, nə yaxın qohumlarım bu kontekstdə diskriminasiyaya məruz qalmayıb. Olub ki, ayrı-ayrı vaxtlarda qatı millətçilərlə rastlaşmışam. Hətta təcrübəmdə elə olub ki, özünü qatı millətçi sayanlar, talış olduğuma inanmayıblar. Misal üçün, belə bir vəziyyəti xatırlayıram. Uzun illər öncə tanınmış telejurnalist Sevil Nuriyevadan müsahibə alırdım. Sevil xanım türkçüdür və bu mövqeyində nə qədər səmimidir, bilmirəm. Talış olduğumu biləndə, boynuma qoymağa çalışdı ki, siz talış ola bilməzsəniz, çünki antropoloji cəhətdən türklərə oxşayırsız. Cavab olaraq dedim ki, yanılırsız, mən təmiz qanlı talışam. Məni tanıyanlar bilir ki, millətçi deyiləm, azərbaycançılıq damarım həmişə güclü olub. Sadəcə həmin vəziyyətdə Sevil Nuriyevanın qeyri sağlam düşüncəsinə cavabım başqa cür ola bilməzdi.

Amma bu cür hallar yalnız epizodik xarakter daşıyır. Qeyri-sağlam millətçilik, şovinizm həmişə olacaq.

Fatih Akının “Son həddə” adlı maraqlı filmi var. Real hadisələr əsasında çəkilən filmin əsas personajları cütlükdür-ər kürd, qadın almandır. Terror nəticəsində ər və cütlüyün azyaşlı oğlu öldürülür. Və məlum olur ki, cinayəti nenonasitlər törədib. Fatih Akın maraqlı gediş edir, iki fərqli düşünən almanı qarşı qarşıya gətirir. Neonasistləri müdafiə edən vəkil roluna son dərəcə soyuq, qəddar fakturalı birini seçir. Və cəllad tipi olan bu personajı tolerant, insan amilini önəmsəyən alman qadına qarşı qoyur. Rejissor neonasist obrazına çirkin birini seçməklə eyni zamanda bu ideologiyanın mənəvi çirkinliyinə işarə edir. Yəni bugünün Avropasında belə şovinizm mövcuddur. Ona görə ayrı-ayrı adamların fikrini bütün xalqın düşüncəsi kimi sırımaq cəhdi doğru deyil.

Ona qalsa, sosial şəbəkələrdə ölkədə baş verənlərə görə özünə ən sərt, tənqidi və təhqiramiz yanaşan elə azərbaycanlılardır.

Mənim etnik olaraq heç vaxt identifikasiya probelmim olmayıb. Talış dili mənə nə qədər yaxın və doğmadırsa, azərbaycan dili də o qədər doğmadır. Talış dilində danışmağa çətinlik çəksəm də anlayıram. Mənim fikrimcə, talış mədəniyyəti lokaldır və Azərbaycan mədəniyyətinin tərkib hissəsidir. Talış dilində məktəblərin açılmasını, radio və televerilişlərin yayımlanmasını əhəmiyyətsiz sayıram. Kəndlərdə yaşayan talışların ünsiyyət dili talış dilidir. Hətta onların arasında azərbaycan dilini normal bilməyənlər var, dövlət dilini daha çox məktəbdən və telekanallardan öyrənirlər. Ümumiyyətlə, talışlar arasında diskriminasiyaya məruz qalıb qalmamaqları haqda soğru keçirilsə, əminəm ki, əksərinin cavabı yox olacaq. Hər halada orada yaşayan qohumlarımızdan belə problemin olduğunu duymamışam.

Bir neçə il əvvəl Yazıçlar İttifaqında bir tədbir keçirilirdi. Orda təsadüfən “Tolışi sədo” qəzetinin baş redaktoru Hilal Məmmdəovla rastlaşdım. Bundan əvvəl də onun sosial şəbəkədə milli ayrıçıseçkilik ruhunda bir statusunu oxumuşdum. Ona yaxınlaşıb dedim ki, talışam və sizin mövqeyinizi dəstəkləmirəm. Talış mədəniyyəti Azərbaycan mədəniyyətindən kənarda mövcud ola bilməz. Üstəlik, bizdə talış və azərbaycanlılar arasında nikahlar çoxdur, tarixən də milli zəmində konflikt olmayıb.

Separatizmin özü isə son dərəcə ikrah doğuran siyasətdir. Bir qayda olaraq talış sepratizmi deyəndə Əlikram Hümbətov yada düşür. Hələ Əlikram Hümbətov həbsdə olanda ailəsi ilə görüşümüşdüm. Anası, həyat yoldaşı və ailəsinin bəzi üzvləri iştirak edirdi görüşdə. Ailəsindən dedilər ki, biz talış deyilik və bu dili bilmirik, kökümüz isə Qarabağdan gəlmədir. Bilmirəm, bu nə dərəcədə həqiqətə uyğundur, hər halda ailə belə iddia edirdi.

Son olaraq deyim ki, Azərbaycanda talış problemi, “talışların hüququ pozulur” deyə bir anlayış mövcud deyil. Lütfən özünüzdən nağıllar uydurmayın, fərdi hadisənizi ümumi, milli bir problem kimi təqdim etməyin, dramatizə etməyin. Bizim bu gün hamımızın eyni problemi var: sosial –iqtisadi-siyasi vəziyyətin yaxşılaşdırılması kimi. Nəhayət, illər boyu bölgədə azərbaycanlı adlı superetnos formalaşıb ki, məqsəd onu daha da gücləndirmək olmalıdır.
Şərhlər
  • Muzaffar Yusifzada

    "Talış dilində məktəblərin açılmasını, radio və televerilişlərin yayımlanmasını əhəmiyyətsiz sayıram." Xanımın təfəkkürü və məqalənin mahiyyəti bu cümlə əyləşib. Azərbaycanda hər bir millətin öz dilin təhsil almaq hüququ var. Bu hüquq həm Beynəlxalq həm də yerli qanunvericiliklə təmin olunur. Son dərəcə təbii, hüquqi bir, vacib bir şeyi əhəmiyyətsiz hesab edən bir insanın hansısa millətin adından və ya hansısa millətlə bağlı problem barədə danışması gülməlidir.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər