Hazırda həbsdə olan vəkil Zabil Qəhrəmanovun barəsində olan həbs qətimkan tədbirinin müddəti uzadılıb.
Bakupost.az APA-ya istinadla xəbər verir ki, bununla bağlı təqdimata Səbail Rayon Məhkəməsində baxılıb və qərar qəbul edilib.
Qərara əsasən, Zabil Qəhrəmanov barəsində seçilmiş həbs qətimkan tədbiri 2 ay müddətinə uzadılıb.
Zabil Qəhrəmanovun vəkili Babək Həmidov bildirib ki, müvəkkili barəsində cinayət işi Gəncə Şəhər Baş Polis İdarəsində açılsa da, sonradan cinayət işinin istintaqı DİN-in Baş İstintaq və Təhqiqat İdarəsində aparılır. Ona görə də Zabil Qəhrəmanov Bakıya gətirilib və Bakı İstintaq Təcridxanasına yerləşdirilib.
Ona əlavə ittihamlar irəli sürülüb. Hazırda Zabil Qəhrəmanov Cinayət Məcəlləsinin 4 maddəsi - 221.2.2-ci (xuliqanlıq - ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərmək), 178.2.2-ci (Dələduzluq, təkrar törədildikdə), 178.2.3-cü (Dələduzluq, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 178.2.4-cü (Dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) ilə ittiham olunur