Tehranın mərkəzində bir saat var idi. Sadəcə saat yox, bəyanat idi. Metal və betonla düzəldilmiş bir ultimatum. Üzərində yazılmışdı: “İsrailə ölüm”. Arxa fonda 2040-cı ilə doğru geri sayım. Sanki tarix artıq qərarını vermişdi. Sanki zaman ideologiyanın xidmətində dayanmışdı.
O saat "tik-tak" edirdi. Hər saniyə ilə mesaj ötürürdü: “Sizin sonunuz yazılıb.” İran dövləti öz qəzəbini zamana həkk etmişdi. Gələcəyi elan etmişdi. Qələbəni əvvəlcədən sifariş etmişdi.
Amma tarix sifariş qəbul etmir.
Saat İsrailin sonuna doğru saymalı idi. Lakin region elə dəyişdi ki, geri sayımın səsi ironiyaya çevrildi. İsrail və Amerika birlikdə İranın hərbi infrastrukturuna, təhlükəsizlik şəbəkəsinə, proksi mexanizmlərinə ağır zərbələr endirdi. Ən azı belə görünür. Güc balansı dəyişdi. Psixoloji üstünlük dəyişdi. Qorxu istiqamət dəyişdi.
Saat yerindədir. Hələ də işləyir. Amma artıq başqa sual doğurur: kim kimə doğru geri sayır?
Geopolitika şüarla işləmir. Dövlətlər “ölüm” çağırışları ilə yox, texnologiya, kəşfiyyat, iqtisadi dayanıqlıq və ittifaqlarla qalib gəlir. Simvol güclü ola bilər. Amma simvol hava hücumundan müdafiə sistemi deyil. Simvol sanksiyanı dayandırmır. Simvol iqtisadi böhranı həll etmir.
İdeoloji ritorika ilə strateji reallıq arasında məsafə çox olanda, tarix sərt cavab verir.
Bu hadisə yalnız İran üçün dərs deyil. Hər rejim üçün dərsdir. Qarşı tərəfin sonunu elan etməzdən əvvəl öz zəif nöqtələrini ölçmək lazımdır. Çünki dünya emosiyaya ilə yox, ağılla söykənən real güclə idarə olunur...
Elbəyi Həsənli, Sürix