Ru
11:06 / 19 Oktyabr 2021

Təhsil müəssisələrində yoluxma artır: səbəb nədir və hansı addımlar atılacaq? - Ekspertlər

51492
Son günlər təhsil ocaqlarında yoluxma hallarının sayı artıb. Demək olar ki, hər gün bir neçə sinif və ya qrupların distant təhsilə keçməsi ilə bağlı qərar verilir.

Bu gün daha iki universitetdə: Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) 14 qrupunda və Bakı Mühəndislik Universitetində (BMU) 3 tələbəsində yoluxma aşkarlanıb.

Həmçinin paytaxtdakı 245 nömrəli tam orta məktəbin 12 müəllimi və 5 şagirdinin COVİD-19 infeksiyasına yoluxması təsdiq olunub.

Bu səbəbdən Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında 245 nömrəli məktəbdə əyani tədris prosesi 14 gün müddətinə distant təhsillə əvəz olunub.


Bəs bu cür davam edərsə, məktəblər, universitetlər yenidən bağlana bilərmi?

Məsələ ilə bağlı millət vəkili, təhsil eksperti Etibar Əliyev Bakupost.az –a açıqlamasında bildirib ki, Təhsil və Səhiyyə Nazirliyi ciddi monitorinqlər aparmalıdır:



“Məktəblər açılandan, ali məktəblərdə əyani təhsilin başlanmasından sonra yoluxma halları çoxalıb. Bu, əlbəttə ki, pedaqoji heyətin məsələyə yanaşmasından asılıdır. İnsanlar vaksinasiyadan yayınırlar. Vaksinasiyadan yayılmanın özü də yoluxmanın çoxalmasına təsir edir. Bu mənada 20 nömrəli kimi böyük şagird kontingenti olan məktəbdə təhsili dayandırılıbsa, deməli, çox ciddi məqamlar var. Artıq yoluxmanın şiddətlənməsi özünü göstərir.

Ancaq proqnozların irəli sürülməsi, tədrisin dayandırılması məsələsini hər həftə Təhsil Nazirliyi ilə Səhiyyə Nazirliyi birgə təhlil etməlidir. Təhsil ocaqlarının yenidən qapadılmasının özünün də şagirdlərə və tələbələrə psixoloji təsiri ola bilər. Artıq yuxarı sinif şagirdləri də vaksinasiya olunur. Burada əsas daşıyıcılar yuxarı sinif şagirdləridir, yoxsa müəllimlərdir, bu araşdırılmalıdır.
İstər Təhsil Nazirliyi, istərsə də Səhiyyə Nazirliyi cəmiyyəti məlumatlandırmalıdır. Bu artımın səbəbi nədən ibarətdir, məktəblər fəaliyyətini dayandıracaqmı, ya yox, açıqlanmalıdır”.



Millət vəkili qeyd edib ki, müəllimlərin böyük hissəsi saxta vaksinasiyaya meyillidirlər:

“Müəllimlərin vaksinasiyası ciddi şəkildə araşdırılmalıdır. Bu gün saxta vaksinasiyaya meyilli olan ən çox müəllimlərdir. Bu ciddi bir faktdır. Bununla bağlı insanlar mənə müraciət edirlər. Saxta vaksinasiya çox geniş vüsət alıb. Əgər saxta vaksinasiyaya meyillər çoxdursa, düşünürəm ki, əsas daşıyıcılar müəllimlər ola bilər”.

Təhsil eksperti Elçin Süleymanov da hesab edir ki, təhsil müəssisələrinin açılmasının yoluxmanın artmasına təsirləri var:


“Çünki insanlar evdə oturduğu zaman yoluxma da az olur. Amma evdə oturduğumuz zaman həm iqtisadiyyat, həm cəmiyyət, həm də təhsil həyatında axsaqlıqlar ola bilər. Ona görə də hökumətlərdə, əksər ölkələrdə həyəcan təbili çalınmadıqca ictimai, təhsil proseslərini dayandırmamağa çalışdılar. Dünya Səhiyyə Təşkilatının tövsiyəsi də bu istiqamətdə idi. Azərbaycan da bu tövsiyəyə uyğun olaraq artıq oktyabrdan ənənəvi təhsilə keçib.

Gələcək günlərdə kütləvi şəkildə yoluxma artarsa, mənbə məktəblər, ali təhsil müəssisələri olarsa, o zaman Operativ Qərargahın verdiyi qərara, Təhsil Nazirliyinin göstərişinə əsasən universitetlər və məktəblər bağlana bilər”.



Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov isə hələlik təşviş doğuran halın olmadığını vurğulayıb:


“Yoluxma ilə bağlı müvafiq olaraq qaydalar var. Qaydaya uyğun olaraq, yoluxma olan lokal dairədə tədrisin forması dəyişdirilir və onlayn qaydaya keçirilir”.

Fəridə Söhrabqızı
Baku Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər