Bakupost.az yazıçı Şərif Ağayarın Bakupost TV YouTube kanalında yayımlanan “Yazıçı Postu” layihəsinin 36-cı buraxılışını və onun yazılı variantını təqdim edir.
Bişkek sammiti…
– Bu həftə Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının sammiti keçirildi və tədbirdə Azərbaycanın dövlət başçısı iştirak etdi. Ölkəmizin ən böyük qazancı bir daha böyük ölkələrlə tərəfdaş kimi apardığı məhsuldar danışıqlar oldu. Eyni zamanda, Ermənistanın baş naziri Nikol Paşinyan ilə sülhün daha da möhkəmlənməsi, iqtisadi əməkdaşlıq və “Tramp dəhlizi”nin açılması istiqamətində aparılan söhbətlər şəxsən mənim üçün çox böyük əhəmiyyətə malikdir. Danışıqlar əlimizdə olan siyasi üstünlükləri möhkəmləndirir. Bu mənada Azərbaycan dövlətinin apardığı xarici siyasəti ürəkdən alqışlayıram.
Verilişimizdə dəfələrlə qeyd eləmişik ki, Qafqaz və Azərbaycan üçün bu gün sülh ən böyük dəyərdir. Çünki ərazi bütövlüyümüz tam təmin olunub. Ən vacibi, Ermənistanda suverenliyimizi tanıyan bir hakimiyyət formalaşıb. Zaman elə gətirib ki, Azərbaycana qarşı silah qaldıranlar, başqa maddələrlə də olsa, hüquq-mühafizə orqanları qarşısında cavab verirlər. Gün gələcək bizə qarşı törətdikləri cinayətlərə görə beynəlxalq məhkəmələr qarşısında cavab verəcəklər. Təsadüfi deyil ki, mən Putinin çıxışında bu məsələlərlə bağlı bir balaca narahatlıq müşahidə elədim. Hamımızın arzusudur ki, siyasi meydanda əldə etdiyimiz uğurlar diplomatiyada da davam etsin, müharibə bitsin və regionda iqtisadi dirçəliş başlasın.
Ateist tiktokeri döydülər…
– Təsəvvür edin, TikTok-da canlı açmısınız və “Allah yoxdur” deyirsiniz. Bu sözlərə görə sizi hansısa restorana çağırıb yumruğun-təpiyin altına salırlar. Və bunlar tibbi baxımdan normal adamlardır… Səbəb sənin fikrin, sənin düşüncəndir. Söhbət “Çevik” ləqəbli tiktoker Məqsəd Bağırovun başına gələnlərdən gedir. Mən onun çıxışlarının bir qisminə baxdım. Doğrudur, adamı qıcıqlandıran nələrsə deyir və bu, TikTok-un öz xarakterindən irəli gəlir. Ancaq mən orada Tanrı haqqında, din xadimləri haqqında hər hansı bir təhqiramiz ifadəyə rast gəlmədim. İnsana belə bir müzakirə qadağan edilə bilməz, nəinki gedib onu yumruqlamaq. Bu dünyada hər kəsin xoşuna gəlməyən hər hansı müzakirə ola bilər, illah da TikTok-da. Biz hər yanlış saydığımız məsələni yumruqla həll eləməyə qalxsaq, ölkə dəlixanaya çevrilər.
Bu hadisədən çıxış edib mən çox vacib bir nüansa toxunmaq istəyirəm. Biz dünyəvi və hüquqi dövlətdə yaşayırıq, şəriət ölkəsində yox. Yəni bizim fəaliyyətimizin əsasında hər hansı din yox, Konstitusiya və ona əsaslanan qanunlar toplusu dayanır. Ancaq reallıqda bizi milli və dini mentalitet idarə edir. Milli və dini mentalitetin əsasında isə müasir zamanla uyğunlaşmayan orta əsr dəyərləri dayanır.
Həyatımızda hiss etmədiyimiz Konstitusiyanın ən əsas maddələrindən biri fikir və ifadə azadlığıdır. Təbii, kiminsə heysiyyətinə toxunmadan, şərəf və ləyaqətini alçaltmadan. Söz azadlığının verdiyi imkanlarla həssas dindar kəsimin hisslərinə toxunmamalıyıq. Bəzən ateistlərin dindarlarla müqayisədə daha təmkinli olduğunu deyirlər. Bunun da öz obyektiv səbəbləri var. Ateizm bir seçim deyil, müəyyən savadın və dünyagörüşün sayəsində gəlinən qənaətdir. Dindarlıq isə tamam başqadır, hisslərlə, daxili duyumla, mənəviyyatla bağlıdır. Bu nüansı çıxışlarımızda mütləq nəzərə almalıyıq. Lakin heç bir səbəb bir fikir sahibinə qarşı fiziki hücuma haqq qazandıra bilməz. Ortada doğrudan da təhqir və həqarət varsa, bunu müəyyən etmək də, cəzasını kəsmək də məhkəmənin işidir. Hərə öz aləmində hakimlik edib hökm çıxarsa, üstəlik, cəzasını verməyə qalxsa, qeyd etdiyim kimi, hər tərəf dəlixanaya çevrilər. Kiminsə fikir və düşüncəsinə görə bu səviyyədə aqressivləşən, terrora meyilli insanlara qarşı ciddi hüquqi ölçülər götürülməlidir. Çünki bu, cəmiyyətin ən qorxulu məqamlarından biridir.
Kino İttifaqında nələr baş verir…
– Bir müddət əvvəl qurultay keçirən və Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçilən Əli İsa Cabbarov bir neçə gün əvvəl tutduğu vəzifədən də, AKİ katibliyindən də, idarə heyətindən də, təşkilatın üzvlüyündən də çıxarıldı. Xalq artisti Şəfiqə Məmmədova öz dəstəsi ilə “Kinoittifaq”a gəldi, qurultay ərəfəsi toplantı keçirərək sədrliyə yeganə namizəd seçildi. Mən fotoda idarə heyətinin üzvlərinin səsverməsini gördüm. Bu kadra baxanda nədənsə “Kurtlar Vadisi” serialındakı konseyi xatırladım. Qələmi qırılan isə Əli İsa Cabbarovdur…
Yadınızdadırsa, vaxtilə bu mübarizənin heç bir nəticə verməyəcəyini demişdim. Çünki sovetdən qalan heç bir yaradıcı təşkilat indiki şərtlərlə özünü doğrulda bilməz. Çünki ümumilikdə sistem yanlışdır. Dövlətlə iş prinsipləri müasir ənənələr üzərində qurulmayıb. Analoji vəziyyət Yazıçılar Birliyi və Rəssamlar İttifaqında da var. Hər ikisinin rəhbəri otuz ildən artıqdır işləyir. Kino İttifaqında isə dəyişikliklər yalnız sədrin vəfat etməsi səbəbindən baş verir.
Şəfiqə Məmmədova gələn kimi nələr oldu: ittifaqda fəaliyyət göstərən yaradıcı dərnəklər ləğv edildi, gildiyaların fəaliyyəti və kino nümayişləri dayandırıldı, kinoyazar.az və aki.az saytları bağlandı, hətta ittifaqa mütəmadi gedib-gələn insanlara bildirildi ki, saat 6-dan sonra qala bilməzlər və s. Bir sözlə, Kino İttifaqı yaradıcı təşkilatdan rəsmi bir kontora çevrildi. Şəfiqə xanım və onun ətrafındakı insanların hər cür hərəkətindən biz bunu anlaya bilirik. Bundan sonra o insanların ciddi yaradıcılıqla məşğul olacağına mən qəti şəkildə inanmıram. Ora müəyyən qədər vəsait ayrılır, onun başına toplaşıblar. Böyük ehtimalla, dövləti də haqlı olaraq kino çəkməkdən daha çox bu insanları və ümumilikdə kino ictimaiyyətini idarə etmək maraqlandırır. Çünki onun özünə görə daha ali məqsədləri var. Bir kinonun ki, təəssübünü kino işçiləri özü çəkmir, dövlət məmurları niyə çəkməlidir?
Rüstəm Behrudinin dəhşətli təsbiti…
– Dostumuz Rüstəm Behrudi “Real TV”yə müsahibə verib və çox, çox maraqlı bir fikir səsləndirib. Söhbət 29 oktyabr 1997-ci ildə mərhum Prezident Heydər Əliyevin gənc yazıçılarla görüşündə baş verənlərdən gedir. Rüstəm müəllim deyir ki, o vaxt mən o görüşdə danışmaq istəmirdim, lakin çıxış edənlərin özlərini qabağa verdiklərini, yaltaqlıq və məddahlıq etdiklərini görüb danışmağa məcbur qaldım. Xatırladım ki, bu görüşdə Anar iştirak edir, Elçin iştirak edir və Saday Budaqlıdan, Əlabbas Bağırovdan, Maarif Soltandan tutmuş İlqar İlkinə qədər o dövrün gənc yazarları hamısı iştirak edir. Bu həmin tədbirdir ki, İlqar İlkin qalxıb “Heydər müəllim, Yazıçılar Birliyinə pul ayırmayın, yaşlı yazıçılar dağıdıb yeyəcəklər, biz gənclərə heç nə verməyəcəklər” demişdi.
Bildiyiniz kimi, Ümummilli Lider Heydər Əliyevin qələm adamlarına münasibəti çox yaxşı idi və o, yazıçılara sərbəst danışmaq, özlərini ifadə etmək imkanı verirdi. Rüstəm Behrudiyə də bu sərbəstliyi verir, hətta onunla görüşünü xatırlayır. Rüstəm Behrudi də çox azad, çox sərbəst şəkildə, mənim təqdir elədiyim bir üslubda öz fikirlərini çatdırır. Hətta Yazıçılar Birliyinin, ümumilikdə bu cür birliklərin vaxtının keçdiyini deyir. Anar narahat olur, onun çıxışına bir neçə dəfə müdaxilə edir. Birdən mərhum Heydər Əliyevin qənaəti dəyişə, birliyin pulu kəsilə bilər! Lakin bütün hallarda sözlər deyilir.
İndi isə Rüstəm müəllim həmin görüşü xatırlayır. Deyir, yazıçıların mütləq əksəriyyəti özlərini göstərir, Prezidenti tərifləməklə nəyəsə nail olmağa çalışırdılar.
Rüstəm Behrudi haqlıdır. Heydər Əliyev böyük şəxsiyyət idi. Onun qarşısında bütün maskalar yırtılır, insanların əsl siması üzə çıxırdı. Məlum olurdu ki, kino camiəsindəki o insanlar kimi, ədəbiyyat camiəsindəki insanlar da şəxsi mənafelərindən çıxış edirlər, onları heç bir ciddi yaradıcılıq maraqlandırmır. Ona görə kinomuz o gündədir, ədəbiyyatımız bu gündə.
Yaşar Nuri – 75
Azərbaycan mədəniyyətinin yetirdiyi ən istedadlı insanlardan biri, şəxsən mənim ən çox sevdiyim aktyorlardan biri Yaşar Nuri… Gözəl Yaşar Nuri… Bayaqdan çıxışımda kino və ədəbiyyat adamlarının tutduğu mövqeyi tənqid edirəm. Ancaq görürsünüz ki, əsl istedad olanda, sənət yanğısı olanda, adam bütün mühitlərdə özünü göstərə bilir. Yaşar Nuri məhz belə bir sənətkar idi. Onun üçün özünü ifadə etmək hər şeydən yuxarıda dayanırdı. Ona görə nə qədər çətin dövrə düşsə də, istər kinoda, istər teatrda, istərsə də sovetə məxsus janr olan televiziya tamaşalarında öz sözünü deyə bildi.
Yaşar Nuri polifonik aktyor idi. Yalnız komik yox, ciddi rollarda da böyük işlər görə bilirdi. Elə onu ən çox məşhurlaşdıran “Səni axtarıram” tamaşasında da dramatik obraz yaratmışdı. O tamaşa ki, biz onun nostalgiyası ilə böyümüşük və heç vaxt unutmuruq.
Yaşarın Vaqif Mustafayev filmləri dövrü isə ayrıca tədqiq olunmalıdır. Möhtəşəm performans göstərir. İstər “Yaramaz”da, istər “Hər şey yaxşılığa doğru”da, istər “Fransız”da…
Yaşar Nurinin aktyor kimi böyüklüyü onun azadlığında idi. İçki içməsindən tutmuş dostları ilə zarafatlarına, rəsmi tədbirlərdəki ironiyasına, gülüşünə qədər… Hətta onun həyat yoldaşı belə Firəngiz Mütəllibova ilə bağlı gəzən dedi-qodulara sakit reaksiya verirdi. Deyirdi, onu sevdiyini hiss edirdim, amma bağışlayırdım. O səmimiyyət, o azadlıq hamı kimi öz ailəsinə də, öz həyat yoldaşına da təsir edirdi.
Xalq artisti Hacı Məmmədovun Yaşar Nuri haqqında yaxşı bir sözü var: “Bəxtin onda gətirib ki, çox şirin aktyorsan…” Doğrudan da belə idi. Yaşara ən zəif rolu ver, ən zəif performansını göstərsin, yenə də yadda qalırdı. Fikir verin, epizodik, baş və ya ikinci dərəcəli rol oynamasından asılı olmayaraq, dediyi sözlər aforizmə çevrilib dildə-ağızda dolaşır.
Sentyabrın 3-ü Yaşar Nurinin doğum günüdür. Yaşasaydı, 75 yaşını qeyd edərdik.
Ruhu şad olsun.