Vaşinqton ətrafında və ya Florida ştatında yerləşən hava limanlarından birinin Donald Trampın şərəfinə adlandırılması ehtimal olunur.
Bakupost.az “The New York Times”a istinadən xəbər verir ki, Donald Tramp artıq öz adını göydələnlərdə, qolf klublarında və hətta Con Kennedi adına İfaçılıq Sənətləri Mərkəzində əbədiləşdirib. Görünür, növbə hava limanlarına çata bilər.
Tramp ailəsinə məxsus şirkət prezidentin adının hava limanlarının adlarında istifadəsi üçün ticarət nişanının qeydiyyatı ilə bağlı müraciət edib. Mümkün adlar sırasında “President Donald J. Trump International Airport”, “Donald J. Trump International Airport”, həmçinin hava limanı kodu kimi “DJT” variantları yer alır.
Bu adlardan birinin Vaşinqton yaxınlığında yerləşən “Dalles” beynəlxalq hava limanına və ya Florida ştatında, Ağ Evin rəhbərinin “Mar-a-Laqo” iqamətgahına yaxın olan Palm-Biç hava limanına verilməsi ehtimal edilir.
“Trump Organization” şirkətinin açıqlamasında bildirilir ki, müraciət “Tramp adının dünyada ən çox pozulan ticarət nişanı olması” səbəbindən təqdim olunub. Bununla yanaşı vurğulanır ki, əgər hava limanlarından biri Trampın adı ilə adlandırılarsa, şirkət bu ticarət nişanından maliyyə mənfəəti əldə etməyi planlaşdırmır.
ABŞ-da formalaşmış ənənəyə görə, hava limanlarına və digər iri obyektlərə Amerika liderlərinin adları prezidentlik müddəti başa çatdıqdan sonra və ya onların vəfatından sonra verilir. 1961–1963-cü illərdə ABŞ prezidenti olmuş Con Kennedinin adını daşıyan obyektlər buna misaldır.
Qeyd olunur ki, ABŞ-da daha əvvəl Con Kennedi adına İfaçılıq Sənətləri Mərkəzinin adı dəyişdirilib. 18 dekabr 2025-ci ildən etibarən Vaşinqtonun əsas teatr-konsert kompleksi Con Kennedi və Donald Tramp adına İfaçılıq Sənətləri Mərkəzi adlanır. Bundan başqa, ABŞ Hərbi Dəniz Qüvvələrinin yeni tip gəmilərindən biri hazırkı Amerika prezidentinin adını daşıyır, Trampın aviaparkına daxil olan bütün təyyarələrin isə onun sevdiyi tünd göy, qırmızı və qızılı rənglərə boyanacağı bildirilir.
Cavid, BakuPost