Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən hərbçi Şahin Heydər oğlu Kərimovun nəşinin qalıqları Mingəçevir şəhərində ailəsinə təhvil verilib.
Bakupost.az xəbər verir ki, şəhidlə vida mərasimi keçirildikdən sonra qalıqlar Mingəçevir Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Yaylım atəşi açılıb. Şəhidin tabutu üzərinə çəkilən Azərbaycan bayrağı onun doğmalarına təhvil verilib.
Dəfn mərasimində ictimaiyyət nümayəndələri, şəhid ailələri, müharibə iştirakçıları və səhər sakinləri iştirak edib. Həmçinin Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov və Milli Məclisin Mingəçevirdən seçilmiş deputatı Aydın Mirzəzadə də dəfnə qatılaraq şəhidin ailəsinə başsağlığı veriblər.
Qeyd edək ki, Mingəçevir şəhərində anadan olan Şahin Kərimov 1993-cü ildə Kəlbəcər rayonu, Murovdağ silsiləsində gedən döyüşlərdə itkin düşmüşdü. 2020-ci ildə Kəlbəcər rayonu işğaldan azad olunduqdan sonra itkin-şəhidin meyitinin qalıqları tapılmışdı.
O, vaxtilə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü başladığı dövrdə orduya çağrılıb.