ABŞ Prezidenti Donald Tramp Transxəzər boru kəməri layihəsinin də işıq üzü görməsində maraqlıdır.
Belə ki, ABŞ Dövlət katibi Marko Rubio Türkmənistan Xarici işlər naziri Rəşid Meredovla görüşdə Vaşintonun Türkmənistandan təbii qaz ixracının şaxələndirilməsinin tərəfdarı olduğunu, Transxəzər boru kəməri layihəsini dəstəklədiyini bəyan edib.
Bakupost.az xəbər verir ki, Dövlət Departamentinin sözçüsü Tommi Piqottun dediyinə görə, Rubio "TransXəzər marşrutları ilə Türkmənistanın təbii qaz ixracının şaxələndirilməsinə ABŞ-ın güclü dəstəyini ifadə edib.
Qeyd edək ki, artıq 30 ilə yaxındır Transxəzər boru kəməri layihəsi gündəmdədir. Lakin bu günə qədər prosesin reallaşması istiqamətində hər hansı bir real addımlar atılmayıb. Bu fonda da həmin layihə az qala unudulurdu. Yalnız son illər Rusiya-Ukrayna müharibəsi fonunda Avropanın qaza tələbatının artması ilə sözügedən layihəyə yenidən maraq artıb.
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban
Bakupost.az-a bildirib ki, Rubionun sözügedən açıqlaması Tramp adminstrasiyasının Transxəzər layihəsinə siyasi marağının artdığının göstəricisidir:
“29 may 2026-cı il tarixində ABŞ Dövlət katibi Marco Rubio ilə Türkmənistanın xarici işlər naziri Rashid Meredov arasında Vaşinqtonda keçirilən görüşdə Rubio Aşqabadın qaz ixracının şaxələndirmək arzusunu dəstəklədiyini ifadə edib.
ABŞ Dövlət Departamentinin rəsmi açıqlamasında Rubio tərəfindən “Türkmənistanın təbii qaz ixracının Transxəzər marşrutları ilə diversifikasiyasına güclü dəstək” ifadəsinin işlədilməsi əslində Vaşinqtonun bu layihəyə siyasi marağının artdığının açıq siqnallarından biri hesab oluna bilər”.
Ekspertin sözlərinə görə, layihənin işıq üzü görməsi üçün ilk növbədə ABŞ-nin özü hərəkətə keçməlidir:
“Tütkmənistan Transxəzər qaz kəməri ilə Qərb istiqamətində ixrac məsələsini 30 il əvvəl gündəmə gətirib. Bu layihə 1996-cı ildən bu günədək gündəmdə olsa da, onun reallaşması yönümündə praktik addımlar atılmayıb. Transxəzər layihəsi həm Qərb üçün, həm də rəsmi Aşxabad üçün daha çox siyasi bəyanatlarla yadda qalıb. Rubionun bu açıqlamasından sonra isə layihənin gerçəkləşməsinə olan ümidlər müəyyən qədər artıb. ABŞ prosesin reallaşmasına sözün həqiqi mənasında ciddi maraq və dəstək göstərsə, layihənin gerçəkləşmə ehtimalı da artacaq”.
Rüfət Sultan,
BakuPost