Bəlkə də bir-iki həftə ərzində bu müharibəni bitirəcəyik.
Bakupost.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Ukrayna Prezidenti Volodimir Zelenski və Avropa liderləri ilə görüşdə söyləyib.
“Hamı davamlı sülh qurulmadan əvvəl atəşkəsin olmasını üstün tutardı, lakin Ağ Evin dayandırmağa nail olduğu son altı müharibədə bu baş verməyib. Bir-iki həftə ərzində, bəlkə də, Ukraynada müharibəni bitirmək mümkün olacaq, çünki hər iki tərəf bunu istəyir”, - o söyləyib.
Trampın sözlərinə görə, Ukrayna Prezidenti Volodimir Zelenski və Rusiya lideri Vladimir Putin bunu daha ətraflı müzakirə edə bilərlər.
"Mən atəşkəs istərdim - çünki o, qətlləri dərhal dayandıracaq", - ABŞ lideri deyib.
Tramp hesab edir ki, keçirilmiş görüşlərin nəticəsi olaraq sülh sazişinin imzalanması tamamilə əldə edilə bilən məqsəddir.
Onun sözlərinə görə, növbəti addım üçtərəfli görüş olmalıdır.
"Mən işləməyi və əla nəticə əldə etməyi səbirsizliklə gözləyirəm. Bu gün biz müzakirəyə çox vaxt ayıracağıq - və sizin (Avropa liderləri – red.) gəlməyiniz bizim üçün həqiqətən böyük şərəfdir", - Tramp qeyd edib.
Ağ Ev sahibi əlavə edib ki, görüş zamanı təhlükəsizlik məsələsi də daxil olmaqla, demək olar ki, bütün məsələlər həll edilməlidir.
ABŞ Prezidentinin sözlərinə görə, danışıqlar uğurlu olarsa, Rusiya bir sıra müsbət addımlar ata, Ukraynaya min hərbi əsiri dərhal təhvil verə bilər.