Ru
11:40 / 24 Oktyabr 2025

Tramp-Putin görüşü niyə təxirə salındı? – AÇIQLAMA

Tramp-Putin görüşü niyə təxirə salındı? – AÇIQLAMA
Eye

“Ukrayna Prezidenti Volodimir Zelenski Avropa Şurasında çıxışı zamanı bir sıra məqamlara toxunub”.

Bakupost.az xəbər verir ki, bu barədə siyasi şərhçi Elxan Şahinoğlu bildirib.

Onun sözlərinə görə, Zelenski bildirib ki, Ukrayna ordusu 150-3000 kilometrədək məsafədə yerləşən hədəfləri öz istehsalı olan uzaqmənzilli silahlarla vura bilir:

“Bununla Ukrayna Prezidenti demək istəyib ki, ölkəsi ABŞ-nin uzaq mənzilli raketlərini almaq istəyir, ancaq bu olmasa belə Rusiyanın strateji mərkəzlərinə zərbə endirə biləcək raketlərə malikdir. Zelenski eyni zamanda onu da vurğulayıb ABŞ-dən alınan uzaqmənzilli silahlar Rusiya ərazisindəki obyektlərə qarşı istifadə edilməyib. Bu Vaşinqtonun tələblərindən biridir. Buna baxmayaraq, Zelenski Ukraynanın yaxın gələcəkdə “Tomaqavk” raketlərinə sahib olmaq istəyini səsləndirib. Halbuki, ABŞ Prezidenti Donald Tramp raketlərin Ukraynaya verilməsini ləngidir. Digər tərəfdən, Ukraynaya verilməsi planlaşdırılan 50 “Tomaqavk” raketinin müharibədə dönüş yaradacağını söyləmək də çətindir.

Volodimir Zelenski Ukraynanın iştirakı olmadan Rusiya və ABŞ liderləri arasında görüşün əleyhinə olduğunu gizlətməyib. Həqiqətən işğala məruz qalan Ukraynadırsa, müharibənin hansı şərtlər altında dayandırılması mövzusunun müzakirəsində bu ölkənin liderinin iştirakı vacibdir. Misal üçün, Ağ Ev sahibi Zelenskinin Rusiyanın Ukraynanın işğal etdiyi ərazilərlə barışmasını istəyir. Zelenski atəşkəsə razıdır, Kreml sahibi Vladimir Putinin isə atəşkəsə razılaşmanın qarşılığında Kiyevdən işğal edə bilmədiyi əraziləri tələb edir. Kiyev bu alçaldıcı tələbi yerinə yetirməyəcək. Elə bunun nəticəsidir ki, ABŞ və Rusiya Prezidentlərinin Macarıstan paytaxtı Budapeştdə planlaşdırılan görüşü təxirə salındı. Putinin tələbinin məntiqsiz olduğunu Tramp da qəbul edib. Zelenskinin mövqeyi qətidir: “Ukrayna Rusiyaya ərazi güzəştlərinə getməyə hazır deyil”.

E.Şahinoğlu qeyd edib ki, Ukrayna Prezidenti Avropa Şurasındakı çıxışında Çin və bu ölkənin lideri Si Cinpinin siyasətinə də toxunub:

“Zelenski deyib ki, Si Cinpin Rusiyaya silah satmayacağı barədə ona məlumat verib. Zelenski bu vədin yerinə yetirilmədiyini bu şəkildə qiymətləndirib: “Çin Rusiyaya kömək edir. Çin Ukraynaya yardım etmir. Çin nə bizim qələbəmizdə, nə də Rusiyanın məğlubiyyətində maraqlıdır”. Bu həqiqətdir. Çinin xarici işlər naziri Van Yi Brüsseldəki görüşlərinin birində Çinin Rusiyanın məğlubiyyətində maraqlı olmadığını belə izah edib: “Rusiya məğlub olarsa, ABŞ bütün diqqətini Çinə yönəldəcək və bizə təzyiq artacaq”. Əslində Rusiya-Ukrayna müharibəsi bir başqa səbəbə görə də Pekinin maraqlarına cavab verir. Bu müharibə Rusiyanı taqətdən salır və Kremlin Pekindən asılılığı artmaqda davam edir”.

Lalə, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar