Ru
12:25 / 24 Oktyabr 2025

AQTA heyvan kəsimi və ət satışı məntəqələrinə xəbərdarlıq etdi

AQTA heyvan kəsimi və ət satışı məntəqələrinə xəbərdarlıq etdi
Eye

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) baytarlıq-sanitariya və gigiyena normalarına cavab verməyən yerlərdə, küçələrdə, yol kənarlarında qanunsuz heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan şəxslərə xəbərdarlıq edib.


Bu barədə Bakupost.az -a AQTA-dan məlumat verilib.


Bildirilib ki, ölkədə aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülür, kəsimlə məşğul olan şəxslərə qanunvericiliyin tələbləri izah olunur, heyvan kəsimini mərkəzləşdirilmiş və müasir kəsim məntəqələrində həyata keçirmələri ilə bağlı icrası məcburi göstərişlər verilir.

"Qeyd edək ki, ət məhsullarının qanunvericiliklə müəyyən edilmiş qaydada baytarlıq ekspertizası aparılmadan satışa çıxarılması qadağandır. Ölkədə ət və ət məhsullarının satışı yalnız baytarlıq arayışı və baytarlıq şəhadətnaməsi kimi müşayiətedici sənədlər əsasında həyata keçirilə bilər.

Zoonoz xəstəliklərə yoluxma və digər neqativ halların yaranmaması üçün müvafiq sənədləri olmayan ət və ət məhsullarının alınması və istehlakı yolverilməzdir. Belə ki, qida mənşəli zoonoz xəstəliklər, adətən, mikroorqanizmlərlə çirklənmiş heyvan mənşəli qida məhsullarının istehlakı zamanı baş verir. Hazırda bütün dünyada insanlar arasında rast gəlinən yoluxucu xəstəliklərin 60%-dən çoxu məhz zoonoz infeksiyaların payına düşür", - məlumatda qeyd olunub.

Agentlik əhalinin sağlam ət və ət məhsulları ilə təmin olunması üçün bir daha qanunsuz heyvan kəsimi və baytarlıq nəzarətindən keçməyən ətin satışı ilə məşğul olan şəxsləri bu sahədə qanunazidd fəaliyyətdən yayınmağa və müasir standartlara cavab verən heyvan kəsimi məntəqələrinin xidmətlərindən istifadə etməyə çağırıb.

Sosial şəbəkədə insanlar arasında narahatlıq yaradan məlumatlara aydınlıq gətirərək Agentlik bəyan edib ki, vətəndaşlar müşayiətedici sənədləri və möhürü olmayan ətləri almasınlar.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar