Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trampın Budapeşt görüşünün hazırlıqlarını dayandırdığını və Rusiyaya qarşı yeni sanksiya paketinin tətbiq olunacağını elan etməsindən sonra dünən dialoqun davam etdirilməsinə çağırış edib.
Bakupost.az Rusiya xəbər agentliklərinə istinadən xəbər verir ki, Putin Ukraynanın Vaşinqtondan tələb etdiyi “Tomahawk” raketlərinin Rusiya ərazisini hədəf alacağı təqdirdə “çox güclü” cavab veriləcəyi barədə xəbərdarlıq edib:
“Dialoq hər zaman qarşıdurma və münaqişədən, hətta müharibədən daha yaxşıdır”.
ABŞ sanksiyalarına münasibət bildirən Putin onların “ciddi” olduğunu etiraf etsə də, təsirlərini kiçildərək deyib ki, bu qərar Rusiya iqtisadiyyatının sağlamlığına əhəmiyyətli dərəcədə təsir göstərməyəcək. Sanksiyaları “düşmən addımı” kimi qiymətləndirən Rusiya lideri vurğulayıb ki, bu, hələ yeni-yeni bərpa olunmağa başlayan Rusiya–Amerika münasibətlərini gücləndirmir.
O, həmçinin sanksiyaları Rusiyaya təzyiq cəhdi adlandırıb: “Heç bir normal ölkə təzyiq altında addım atmır”.
ABŞ Maliyyə Nazirliyi oktyabrın 22-də iki rus enerji nəhəngi – “Rosneft” və “Lukoil” şirkətlərinə qarşı sanksiyalar tətbiq edib. Nazirlik bu şirkətləri Rusiya hərbi maşınını maliyyələşdirməkdə ittiham edib. Maliyyə naziri Skott Bessent bu addımı indiyə qədər Rusiyaya qarşı tətbiq olunan ən böyük sanksiya paketlərindən biri adlandırıb.
Cavid, BakuPost