ABŞ Prezidenti Donald Tramp Qətərə ediləcək istənilən hücumun ABŞ-nin təhlükəsizliyinə təhdid kimi qəbul ediləcəyini nəzərdə tutan fərmanı imzalayıb.
Bakupost.az xəbər verir ki, sənəd Ağ Evin saytında dərc olunub.
29 sentyabr tarixli sərəncamda qeyd olunur: “Xaricdən Qətər dövlətinə qarşı davam edən təhdidlər fonunda Birləşmiş Ştatlar ölkənin təhlükəsizliyinə və ərazi bütövlüyünə təminat verir”.
Sənədə əsasən, Qətərin ərazisinə, suverenliyinə və ya kritik infrastrukturuna hər hansı silahlı hücum sülhə və ABŞ-yə təhdid kimi qəbul ediləcək. Fərmanda vurğulanır ki, belə bir ssenaridə hər iki ölkənin maraqlarının qorunması üçün bütün lazımi tədbirlər görüləcək.
Həmçinin bildirilir ki, Pentaqon Qətərlə birlikdə xarici təcavüzə cavab olaraq birgə əməliyyat planlamasına başlayacaq.
Sentyabrın 9-da İsrail Müdafiə Qüvvələri Dohada Qəzza zolağında atəşkəs danışıqlarında iştirak edən HƏMAS nümayəndə heyətinə zərbələr endirib. Hərəkat Dohaya endirilən zərbələr nəticəsində nümayəndə heyətinin üzvlərindən heç kimin xəsarət almadığını bildirib.
Bİsrailin baş naziri Benyamin Netanyahu hücuma görə Qətərin baş nazirindən üzr istəyib .