ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna münaqişəsinin həllində irəliləyiş əldə edildiyini bildirib.
"Bakupost" xəbər verir ki, bunu Tramp jurnalistlərin suallarını cavablandırarkən deyib: "Biz Rusiya və Ukrayna arasındakı münaqişə üzərində işləyirik. Düşünürəm ki, irəliləyiş əldə edirik. Səkkiz müharibəni həll etdim. Düşünürdüm ki, bu, ən asan müharibələrdən biri ola bilər, amma ən çətini oldu. Lakin irəliləyiş əldə edilib".
ABŞ prezidenti Ukrayna məsələsində hansı irəliləyişdən danışdığını dəqiqləşdirməyib.
Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politooq Xəyal Bəşirov
"Bakupost"a bildirib ki, Donald Tramp İran məsələsində də razılaşmanın əldə edildiyini dəfələrlə bəyan edib:
“Trampla Putin ötən il Ankoricdə razılaşma əldə etmişdi. Razılaşmanın İrana aid hissəsi ondan ibarət idi ki, Rusiya Tehrana dəstək verməyəcək. Amma Moskva İranı əldən buraxan deyil. Çünki Rusiyanın taleyini həll edən regionlardan biri də Yaxın Şərqdir. Rusiya İranı buraxsa, onsuz da Ukraynada uduzacaq, burada qalib gəlib-gəlməməsinin bir əhəmiyyəti olmayacaq. Kiyev Rusiyanın mərkəzində strateji obyektləri vurmağa başlayıb. Bu isə sanki Trampın Rusiyanı cəzalandırdığı görüntüsünü yaratdı”.
Ekspert hesab edir ki, Trampın Rusiya-Ukrayna münaqişəsinin həllində irəliləyiş əldə edildiyi barədə açıqlaması da sadəcə olaraq boş sözlərdir. Prosesin həlli istiqamətində heç bir irəliləyiş, uğurlu addımlar yoxdur:
“Döyüş meydanında bunu görmürük. Əksinə, tərəflər bir-birinin ən zəif yerlərindən vurmaqda davam edirlər. ABŞ sadəcə Rusiyanı masaya oturtmağa cəhd edir. Lakin Rusiya ən azından Donbasla bağlı istəyinə nail olmayınca, masaya oturmayacaq. Döyüşlər bir qədər də gərginləşəcək. Şimali Koreyadan 30 minə yaxın əsgər Ukrayna cəbhəsinə göndərilib. Bu da onu göstərir ki, Rusiya daha geniş miqyaslı hücumlara hazırlaşır. Xüsusən də payız-qış aylarında”.
Müsahibimizin sözlərinə görə, Trampın bu fikirləri də daxili auditoriyaya hesablanıb:
“Donald Tramp İran məsələsində də razılaşmanın əldə edildiyini dəfələrlə bəyan edib. İndi yenidən Ukrayna məsələsində də həmin fikirləri gündəmə gətirir. Amma reallıqda irəliləyişdən əsər-əlamət yoxdur. Əslində isə Trampın bu sayaq açıqlamaları daxili auditoriyaya, seçicilərə hesablanmış addımdır. Qarşıdan ABŞ-da aralıq seçkiləri gəlir. Tramp da Respublikaçıların qələbəsinə nail olmaq üçün bütün vasitələrə əl atır”.
Rüfət Sultan,
BakuPost