Ru
12:27 / 16 Fevral 2026

Trampın qarşısındakı iki ssenari – İrana mümkün hücumun altı səbəbi

Trampın qarşısındakı iki ssenari – İrana mümkün hücumun altı səbəbi
Eye

Vaşinqtonla Tehran arasında hərbi qarşıdurma ehtimalı, ən azı hələlik, təxirə salınıb. Tərəflər Oman vasitəçiliyi ilə danışıqlara başlayıb. Lakin ABŞ prezidenti Donald Trampın sözlərinə görə qarşıdakı bir ay ərzində həll olunmalı olan bu danışıqlardan strateji irəliləyiş əldə edilməsi, ən azı tərəflərdən birinin indiyədək danışıqların mövzusu hesab edilməyən sahələrdə ciddi güzəştlərə getmədən mümkün görünmür. İran ballistik raket proqramının və regiondakı proksi şəbəkələrinə verdiyi dəstəyin müzakirə mövzusu olmadığını bildirir. Halbuki Tramp administrasiyası məhz bu sahələrdə radikal güzəştlər tələb edir.

Bu isə diplomatik prosesin dalana dirənə və ya tamamilə iflasa uğraya biləcəyi anlamına gəlir. Belə olan halda, regionda hərbi mövcudluğunu ardıcıl şəkildə gücləndirən Tramp hansı addımı atacaq?

Bakupost.az “Atlantic council”a istinadən xəbər verir ki, hərbi zərbə üçün iki əsas ssenari mövcuddur. Birinci variant məhdud və məcburedici zərbədir. Bu ssenariyə əsasən, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) və “Bəsic” milisi obyektlərinə hücum edilərək Trampın etirazçıların öldürülməsi ilə bağlı “qırmızı xətti” icra oluna və İran danışıqlara daha zəif mövqedən qayıtmağa məcbur edilə bilər. Lakin belə bir zərbənin rejimin strateji hesablamalarına təsirinin məhdud olacağı və idarəolunan hərbi qarşıdurmanı təmin etməyəcəyi ehtimalı yüksəkdir. İran artıq istənilən hücuma cavab tədbirləri hazırladığını bəyan edib.

İkinci variant daha genişmiqyaslı hərbi kampaniyadır. Bu kampaniyanın məqsədi rejimin fundamental strateji mövqeyini dəyişdirmək – ballistik raket proqramına və proksi qüvvələrin fəaliyyətinə ciddi məhdudiyyətlər qoyulmasını qəbul etdirmək, hətta rejim dəyişikliyinə nail olmaqdır. Bu ssenarinin uğurlu olması üçün ABŞ mövcud rejimin sağ qalmasına real təhlükə yaratmalıdır. Bu isə regional müttəfiqlərin dəstəyi ilə koordinasiyalı və uzunmüddətli hərbi kampaniya tələb edir. Nəticədə Tehran ya sağ “zəhər dolu piyaləni içməli”, ya da mövcudluğunu təhdid edən bir müharibə ilə üzləşməlidir.

Rejim dəyişikliyi cəhdi ciddi risklər daşıyır. Bunlara ölkə daxilində silahlı qruplaşmaların formalaşması və hətta vətəndaş müharibəsi ehtimalı daxildir. Bununla belə, alternativin – daha da cəsarətlənmiş və çəkindirilməyən bir İranın – daha təhlükəli ola biləcəyi fikri irəli sürülür.

Trampın niyə qətiyyətli hərbi kampaniyaya üstünlük verməli olduğunu izah edən altı əsas strateji səbəbləri:


Yaxın Şərqi yenidən formalaşdırmaq üçün unikal an


İran 1979-cu il inqilabından bəri ən zəif dövrünü yaşayır. Son etirazlar, iyun ayında İsraillə 12 gün davam edən müharibə və terror şəbəkəsinin ciddi şəkildə sıradan çıxarılması bunu göstərir. İranın müdafiə doktrinası – nüvə proqramı, ənənəvi hərbi güc və regional proksi şəbəkəsi – İsrail və ABŞ-ı çəkindirməkdə uğursuz oldu və rejimin əslində “kağız pələng” olduğunu üzə çıxardı. Rejimə qarşı həlledici kampaniya ABŞ-ın regionda dalana dirənmiş təşəbbüslərini, o cümlədən “İbrahim razılaşmaları” çərçivəsində regional inteqrasiyanı irəli aparmaq və İranın təsiri altında olan Livan və İraq kimi ölkələri Qərbə yaxınlaşdırmaq üçün açar rol oynaya bilər.


Mənəvi məsuliyyət


Hazırkı diplomatik səylər əsasən nüvə məsələsinə fokuslanır və gərginliyin əsas səbəbi olan etirazçıların amansız şəkildə boğulmasını kölgədə qoyur. İrandan gələn xəbərlər sarsıdıcıdır. Rəsmi rəqəmlər “cəmi” 3 117 nəfərin öldürüldüyünü desə də, bəzi qiymətləndirmələr təkcə iki gün ərzində 6 000-dən 30 000-dək insanın öldürüldüyünü iddia edir. Trampın İran xalqını xilas edəcəyinə dair vədi sadəcə ritorika deyil, ABŞ-ın mənəvi liderliyinin real göstəricisi olmalıdır. Danışıqlar bu rejim üçün mükafat xarakteri daşıyır, çünki sanksiyaların yumşaldılması və daxili-legitimlik qazanmaq üçün ona həyati dəstək verə bilər.


Etibarlılıq dilemması

Hərbi gücdən imtina qısa müddətli qarşıdurmadan qaçmağa imkan versə də, 2013-cü ildə Suriyada baş verənlərlə müqayisə riskini yaradır. Həmin vaxt ABŞ prezidenti Barak Obama Bəşər Əsəd rejiminin kimyəvi silahdan istifadə etməsinə baxmayaraq, “qırmızı xətt” bəyanatını hərbi cavabla dəstəkləmədi. Əgər Tramp indi reaksiya verməzsə, bu, Tehrana Vaşinqtonun təzyiq qarşısında geri çəkiləcəyi mesajını verə bilər.


ABŞ və Çin üçün iqtisadi maraqlar


Fərqli İran hakimiyyəti dünyanın ikinci ən böyük qaz və üçüncü ən böyük neft ehtiyatlarını yenidən Qərb bazarlarına qaytara bilər. Bu, Tramp administrasiyasının enerji resurslarına çıxışı xarici siyasətin əsas elementi kimi görməsi ilə uzlaşır. Venesuelada Nikolas Maduronun devrilməsi ilə İran rejiminin dəyişməsi Çinin enerji təhlükəsizliyinə ciddi zərbə vura bilər. Pekin ucuz neftə görə bu iki ölkədən idxaldan asılıdır və bu asılılıq ümumi idxalın 30%-nə qədər yüksəlir. Bu, Çinin strateji hesablamalarını çətinləşdirə və ABŞ-ın Tayvan boğazında mümkün münaqişənin qarşısını almaq kimi digər məqsədlərinə töhfə verə bilər.


İranın gələcəyi və ABŞ-ın “oyunda payı”


Hiperinflyasiya, su qıtlığı və genişmiqyaslı korrupsiya kimi problemlər rejimi sistem böhranına sürükləyib. Etirazlar rejimin son mərhələyə daxil olduğunu göstərir. Lakin kənardan gözləmək ABŞ maraqlarına uyğun deyil. Hərbi gücdən istifadə Vaşinqtona prosesə aktiv şəkildə təsir göstərmək, Rusiyanın və Çinin mümkün boşluqdan yararlanmasının qarşısını almaq imkanı verə bilər. Bu, mütləq şəkildə quru qoşunlarının yerləşdirilməsi demək deyil, əksinə, müxalif qruplara iqtisadi və diplomatik dəstək verməklə alternativ siyasi gələcək formalaşdırmaq məqsədi daşıya bilər.


İranın nüvə proqramının davam edən təhdidi


İyun ayında İranın nüvə obyektlərinə endirilən ABŞ zərbələri təcili nüvə sıçrayışının qarşısını alsa da, proqramı cəmi bir neçə ay geri atıb. Tehran artıq nüvə fəaliyyətini davam etdirəcəyini açıqlayıb və yeraltı obyektlərin möhkəmləndirilməsi bu niyyətin göstəricisidir. “Beynəlxalq Atom Enerjisi Agentliyi”nin nəzarət imkanlarının zəifləməsi uranın zənginləşdirilməsinin həm diplomatik təzyiq aləti, həm də rejimin sağ qalması üçün “sığorta” kimi istifadəsinə şərait yarada bilər. Tramp dəfələrlə İranın nüvə silahına sahib olmasına icazə verməyəcəyini bildirib və bu sözləri real addımlarla dəstəkləməlidir.

Bu mərhələdə danışıqları davam etdirmək rejimə ən zəif anında siyasi və iqtisadi nəfəs yolu açmaq riski yaradır. Vaşinqtonla Tehran arasındakı əsas mövqelər arasındakı uçurum ABŞ-ın çəkindiriciliyini bərpa etmək üçün gücdən istifadəni zəruri edir. Mövcud şəraitdə rejim dəyişikliyinə yönəlmiş qətiyyətli ABŞ rəhbərliyində koalisiya səyi, pis razılaşma və daha da güclənmiş İranla nəticələnə biləcək uzunmüddətli diplomatik prosesdən daha davamlı strateji nəticə vəd edir.

Cavid, BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar