Ru
17:49 / 27 Avqust 2025

Türk ölkələrindən Bakıya turist axını... - Artımın səbəbləri

Türk ölkələrindən Bakıya turist axını... - Artımın səbəbləri
Eye

Azərbaycan Dövlət Turizm Agentliyinin məlumatına görə, 2025-ci ilin birinci yarısında Qazaxıstan və Özbəkistandan Azərbaycana gələn turistlərin sayı 68 mini keçib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 15 faiz artım deməkdir.

Maraqlıdır, Orta Asiya ölkələrindən gələn turistlərin sayının artmasının səbəbləri nədir?

Mövzu ilə bağlı turizm eksperti Nizami Həsənov Bakupost.az-a açıqlamasında bildirib ki, əsas səbəblərdən biri Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi etməsidir:

“Azərbaycan bir sıra böyük tədbirlərə ev sahibliyi edir və Orta Asiya dövlətləri bizə yaxın olduğuna görə beynəlxalq tədbirlərdə iştirak üçün daha rahat imkanlar əldə edirlər. Bundan əlavə, Azərbaycan bir neçə ildir ki, Formula-1 yarışına ev sahibliyi edir və bu illər ərzində öz sözünü deyib. Uğurlu marketinq fəaliyyətinin nəticəsi olaraq Orta Asiya turistlərinin ölkəmizə marağı artır.Turistlərin gəlməsinin əsas səbəblərindən biri isə Azərbaycanda sağlamlıq ə əyləncə turizminin inkişafıdır. Orta Asiya turistləri bu iki istiqaməti birləşdirə bilirlər. Məsələn, onlar bir həftə Naftalanda müalicə aldıqdan sonra əlavə 3-4 gün Bakının gözəlliklərini seyr edirlər. Bundan başqa, ölkəmizin geosiyasi sahədə atdığı addımlar və əldə etdiyi nailiyyətlər də bu tendensiyaya böyük təsir göstərir. Son illərdə Azərbaycan Turizm Agentliyinin Orta Asiya ölkələrində keçirdiyi tanıtım tədbirləri, sərgilərdə aktiv iştirakı, təşkil etdiyi vorkşoplar və digər layihələr də turist axınının artmasında mühüm rol oynayır”.

Turizm eksperti Cəfər Qarayev isə bildirib ki, ümumilikdə Azərbaycana gələn xarici turistlərin sayında azalma müşahidə olunur:

“Ümumilikdə, 2024-cü ilin ilk 6 ayı ilə 2025-ci ilin ilk 6 ayını müqayisə etsək, ölkəyə gələn xarici vətəndaşların ümumi sayında 1,1 faiz azalma müşahidə olunub. Azalmanın əsas səbəbi Rusiya və İrandan gələn turistlərin sayının enməsidir. Bu səbəbdən ümumi illik statistikada azalma var. Lakin Mərkəzi Asiyadan gələn turistlərin sayında əksinə, 6,9 faiz artım müşahidə olunub. Belə ki, 2024-cü ilin ilk 6 ayında Azərbaycana 80 min 648 nəfər gəlmişdisə, 2025-ci ilin eyni dövründə bu rəqəm 93 min 438 nəfər olub. Mərkəzi Asiya dedikdə biz Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan və Tacikistanı nəzərdə tuturuq”.

Ekspertin sözlərinə görə, ölkələr üzrə artım belədir:

Qazaxıstan – 18 faiz,
Özbəkistan – 10 faiz,
Türkmənistan – 1,2 faiz,
Qırğızıstan – 40 faiz,
Tacikistan – 80 faiz.

Cəfər Qarayev artımı Azərbaycanla türkdilli ölkələr arasında siyasi, iqtisadi, mədəni və turizm sahələrində inkişaf edən əlaqələrlə izah edib:

“Qarşılıqlı səfərlər, mədəni proqramlar və tədbirlər bu ölkələrdən gələn turistlərin sayını artırır. Üstəlik, sovet dövründən məşhur olan müalicəvi neft vannalarına MDB ölkələrindən hələ də böyük maraq var”.

Ekspertin sözlərinə görə, 2025-ci ilin ilk yarısında Azərbaycana aşağıdakı 11 ölkədən ən çox turist gəlib:

1. Rusiya – 314 min nəfər,
2. Türkiyə – 213 min nəfər,
3. Hindistan – 114 min nəfər,
4. İran – 99 min nəfər,
5. Gürcüstan – 51 min nəfər,
6. Qazaxıstan – 45 min nəfər,
7. Səudiyyə Ərəbistanı – 38 min nəfər,
8. Pakistan – 35 min nəfər,
9. Çin – 26 min nəfər,
10. İsrail – 23 min nəfər,
11. Özbəkistan – 23 min nəfər.

Yəni həm Qazaxıstan, həm də Özbəkistan artıq ilk 11-likdə yer alır”.

Ekspert qeyd edib ki, pandemiyadan əvvəl, 2019-cu ildə qeydə alınan 3 milyon 167 min 775 turist göstəricisini son 6 ildə hələ də keçə bilməmişik:

“Bunun müxtəlif səbəbləri var: quru sərhədlərin bağlı qalması, aşağıbüdcəli hava yolları ilə uçuşların məhdud olması və bəzi istiqamətlərdə reyslərin ləğv edilməsi. Məsələn, Əbu-Dabidən uçuşların dayandırılması buna nümunədir.

2024-cü ildə ölkəyə 2 milyon 626 min turist səfər edib. 2025-ci ilin ilk yarısında isə bu rəqəm 1 milyon 217 min 460 nəfər olub.

Əgər ilin ikinci yarısında da oxşar dinamika davam edərsə, ümumi göstəricinin 2,4 milyon ətrafında olacağı gözlənilir. Bu isə o deməkdir ki, 2024-cü ilin nəticələrini keçmək mümkün olmayacaq, əksinə, azalma qeydə alınacaq”.

Lalə Novruz,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar