Türkiyənin Daxili İşlər Naziri Əli Yerlikaya son iki həftədə 39 şəhərdə FETÖ-yə qarşı aparılan əməliyyatlarda 160 şübhəlinin saxlanıldığını və onlardan 90 nəfərin həbs olunduğunu açıqlayıb.
Bakupost.az Türkiyə mediasına istinadən xəbər verir ki, Yerlikaya sosial media hesabındakı paylaşımında yazıb ki, əməliyyatlar Türkiyə Baş Prokurorluqları ilə Polis Baş İdarəsinin Terrorla Mübarizə, Qaçaqmalçılıq və Təşkilati Cinayətlərlə Mübarizə və Kəşfiyyat birlikləri tərəfindən koordinasiya olunub. Əməliyyatlar İstanbul, Ankara və İzmir də daxil olmaqla 39 şəhərdə aparılıb.
Əməliyyatlar nəticəsində saxlanılanlar arasında FETÖ-nün kripto mesajlaşma proqramı “ByLock” istifadəçiləri, izlənilməsi çətin olan telefonlarla təşkilat daxilində əlaqə quran şəxslər, həmçinin FETÖ-nün Xarici İşlər Nazirliyi, təhsil, maliyyə, hərbi və digər qurumlarda fəaliyyət göstərən üzvləri olub. Saxlanılan 160 şübhəlidən 90 nəfəri həbs edilib, 52 nəfər isə məhkəmə nəzarətinə götürülüb.
“Milli iradəyə qarşı qurulan məkrli planlar bir-bir pozulur. Dövlətimizin bütövlüyünə və xalqımızın əmin-amanlığına təhlükə yaradanlarla mübarizəmiz qətiyyətlə davam edir”, – deyə nazir vurğulayıb.
Cavid, BakuPost