Bursada (Türkiyə ) gənc vəkil Hatice Kocaefe ailəsinə məxsus 5 milyonluq borc davasından geri çəkilmədiyi üçün öldürülüb. Hadisə anının görüntüləri cinayətin nə dərəcədə amansız olduğunu ortaya çıxarıb.
Bakupost.az Demokrat.az-a istinadla xəbər verir ki, hadisə Gürsu rayonunun Ağaköy məhəlləsində baş verib. Fermerliklə məşğul olan Elif Ç. plastik meyve yeşikləri satdığı H.Ç-dən 5 milyon lirəlik alacağını tələb edib. Borc ödənilmədikdə Elif Ç-nin vəkil bacısı Hatice Kocaefe məsələni məhkəməyə daşıyıb və icra prosesini başladib. Bu addımdan sonra tərəflər arasında gərginlik yaranıb və borclu şəxs bacıları hədələməyə başlayıb.
Dünən axşam saatlarında iki bacı ataları ilə birlikdə anbardan çıxıb yolla gedərkən H.Ç. avtomobillə onlara yaxınlaşıb. Silahlı şəxs maşının içindən bacılara atəş açıb. Güllələrdən biri vəkil Hatice Kocaefenin sinəsinə dəyib. Bacısı Elif Ç. isə diz nahiyəsindən ağır yaralanıb. Xəstəxanaya çatdırılan gənc vəkilin həyatını xilas etmək mümkün olmayıb.
Müşahidə kameralarının qeydə aldığı görüntülərdə qızların atalarının gözü qarşısında vurulması və yerə yıxılması əks olunub. Polis hadisə yerindən qaçan cinayətkarın tutulması üçün genişmiqyaslı əməliyyat keçirir.