Ru
17:48 / 29 Aprel 2026

Sabir Rüstəmxanlıya Türkiyə hökumətindən yüksək dəyər - VİDEO

Sabir Rüstəmxanlıya Türkiyə hökumətindən yüksək dəyər  - VİDEO
Eye

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Ankaradakı qərargahında Azərbaycanın Xalq şairi, publisist-yazıçı Sabir Rüstəmxanlının 80 illik yubileyi münasibətilə təntənəli mərasim keçirilib. Tədbirdə millət vəkilləri, diplomatlar, Türkiyənin dövlət qurumlarının, siyasi partiyaların və ictimai təşkilatlarının nümayəndələri, alimlər və ekspertlər iştirak ediblər.

Bakupost.az xəbər verir ki, tədbirdə iştirak edən AKP sədrinin Türk dövlətləri ilə əlaqələr üzrə müavini, Ankara millət vəkili Küşad Zorlu Sabir Rüstəmxanlıya və məclis iştirakçılarına Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını çatdırıb.


O bildirib ki, bu gün Türk Dövlətləri Təşkilatı çərçivəsində bir araya gəlmiş bütün dövlət başçılarının ortaya qoyduğu iradə, birlik və müəyyən edilən strateji hədəflər vaxtilə Sabir Rüstəmxanlı kimi fikir adamlarının qoyduğu ideoloji təməllər üzərində inkişaf edir.

K.Zorlu əlavə edib ki, 44 günlük Qarabağ müharibəsi zamanı hadisələri yaxından izləyib və Azərbaycanın əldə etdiyi qələbənin şahidi olub:

"Əvvəla, başladığınız bu mübarək yolda və bu məqsəd uğrunda ürəyi döyünən hər kəsi dərin hörmət və ehtiramla yad edirəm. Sizin kimi başımızın üstündə olan, bizə bu yolu işıqlandıran bütün böyüklərimə bir daha salam və minnətdarlığımı bildirirəm”.

O, Sabir Rüstəmxanlının gələcək nəsillərə əmanət etdiyi üç əsas yanaşmadan danışıb:

“Birincisi, Sabir bəyin ən önəmli xüsusiyyəti insan sevgisi, insanlığı və bu anlayışı bizə aşılamaq istəyidir. Bu gün dünyanın ən çox ehtiyac duyduğu şey də məhz insanlıq dəyərləri üzərində dövlət idarəçiliyini qurmaqdır. “İnsanı yaşat ki, dövlət yaşasın” deyimi var. Bizi gələcəyə aparacaq əsas istiqamət də elə budur.

İkincisi, o, 1987-ci ildə, bu mövzuların danışılmasının çətin, hətta qadağan olduğu dövrdə belə “Mən üzü Turana döndüm” deyən bir insan idi və bu istiqamətdə əsərlər ortaya qoyurdu.
Dünən biz Sabir bəylə Ankarada çox mühüm bir görüş keçirdik. Özbəkistanın dəyərli səfiri ilə birlikdə Əmir Teymurun 690 illiyi münasibətilə ilk dəfə bu mövzuda geniş müzakirə apardıq. Teymurun bir sözü var: “Güc birlikdədir”. Bu gün Türk Dövlətləri Təşkilatı və ümumilikdə Türk dünyası birlik olmağın şüurunu yaşayır və bunu reallığa çevirmək üçün bütün qurumlarla çalışırıq.

Üçüncüsü isə Azərbaycan Respublikasının ikinci müstəqillik dövründə o, Müstəqillik Bəyannaməsinin hazırlanmasına töhfə verən əsas şəxslərdən biri olub. Deputat və nazir kimi fəaliyyət göstərərək dövlətin qurulmasında və istiqlalın formalaşmasında mühüm rol oynayıb. Bu baxımdan, müstəqilliyin nə qədər qiymətli olduğunu bizlərə, gələcək nəsillərə böyük bir əmanət kimi ötürüb”.

K.Zorlu vurğulayıb ki, Sabir Rüstəmxanlı yalnız şair deyil, həm də mütəfəkkir və dövlət xadimi kimi Azərbaycan tarixində xüsusi yer tutur:

“Bəzi insanlar yalnız şair, bəziləri böyük mütəfəkkir, bəziləri isə dövlət xadimi ola bilər. Amma Sabir bəy bu üç xüsusiyyəti birləşdirərək həm dövlətinə, həm də millətinə xidmət etmiş çox önəmli bir şəxsiyyətdir və adını tarixdə çoxdan yazdırıb.
Belə insanların 80 illik yubileyi təqvimlərə baxaraq deyil, onların qoyduğu izlərlə ölçülməlidir”.

O, eyni zamanda, Sabir Rüstəmxanlının həyat yoldaşı, Azərbaycanın millət vəkili Tənzilə Rüstəmxanlıya da təşəkkürünü bildirib.

Lalə, BakuPost



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar