Yekaterinburq–İstanbul reysi zamanı “Ural Hava Yolları” aviaşirkətinə məxsus “Airbus A320” təyyarəsinin göyərtədə insident baş verib.
Bakupost.az Rusiya “Telegram” kanallarına istinadən xəbər verir ki, Federal Hava Nəqliyyatı Agentliyi (Rosaviatsiya) hadisə ilə bağlı yoxlamaya başlayıb.
Məlumata görə, təyyarə havaya qalxdıqdan təxminən 20 dəqiqə sonra sərnişinlərdən birinə məxsus “powerbank” qəfil alışıb. Portativ enerji qurğusu sahibinin yanında yerləşən boş oturacaqda olub. Telefonu enerji yığan sərnişin kabeli ayırmağa çalışarkən barmağından xəsarət alıb.
Alışma nəticəsində oturacağın üzlüyü və təhlükəsizlik kəməri zədələnib. Bələdçilər dərhal müdaxilə edərək alovu söndürüblər. Nasaz “powerbank” daha sonra su ilə doldurulmuş metal konteynerə yerləşdirilərək təhlükəsiz yerə götürülüb.
Zərərçəkmiş sərnişinə tibbi yardım təklif olunsa da, o, bundan imtina edib. Aviaşirkətin məlumatına görə, təyyarə uçuşu fövqəladə vəziyyət olmadan davam etdirib və İstanbul hava limanına normal şəkildə eniş edib.
Hadisənin səbəbləri “Rosaviatsiya” tərəfindən araşdırılır.
Cavid, BakuPost