Milli Məclisin deputatı, Gənclər və İdman, Səhiyyə Komitələrinin üzvü, Azərbaycan Karate Federasiyasının prezidenti Ülvi Quliyev 15 saylı Yasamal birinci Seçki Dairəsindən yenidən deputatlığa namizədliyini irəli sürüb.
O,
Bakupost.az -a açıqlamasılnda artıq namizədliyinin qeydə alındığını bildirib.
Qeyd edək ki, Ülvi Zahid oğlu Quliyev 1966-cı il sentyabrın 17-də Bakı şəhərində müəllim ailəsində anadan olub. 1983-cü ildə Nəsimi rayonundakı 9 saylı orta məktəbi bitirib və o zamankı Azərbaycan Dövlət Tibb İnstitutunun Əczaçılıq fakultəsinə daxil olub. 1988-ci ildə institutu fərqlənmə diplomu ilə bitirdikdən sonra ixtisası üzrə provizor-analitik, baş provizor vəzifələrində çalışıb. 1991-ci ildə təsis etdiyi “Loğman” aptekinin fəaliyyətinə 2002-ci ilə qədər rəhbərlik edib.
Əmək fəaliyyətinə davam etməklə, elə həmin il Bakı Dövlət Universitetinin Hüquq fakultəsini bitirərək hüquqşünas ixtisasına yiyələnib. 2002-ci ildə Gömrük xidməti orqanlarına işə qəbul olunub və 2005-ci ilədək Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə şöbəsinin rəisi, “Gömrükçü” İdman Sağlamlıq Mərkəzinin baş direktorunun müavini vəzifələrində çalışıb. Gömrük xidməti polkovnik-leytenantıdır.
Ülvi Quliyev idmanın karate növü üzrə Avropa və Dünya çempionudur, karatenin inkişafındakı xüsusi xidmətlərinə görə Dünya Şotakan Karate Federasiyasının (WSKF) Texniki komitəsinin 2019-cu il 22 dekabr tarixli qərarı ilə 8-ci dan qara kəmər dərəcəsinə layiq görülüb. Azərbaycan Karate Federasiyasının (AKF) prezidentidir. “Azərbaycan Respublikasının Əməkdar idman ustası”, “Azərbaycan Respublikasının Əməkdar məşqçisi”, “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adları ilə təltif olunub. Onun Federasiyaya rəhbərliyi dövründə karateçilərimiz beynəlxalq yarışlarda böyük idman uğurları əldə edib, çox sayda Azərbaycan gənci Avropa və Dünya çempionu adını qazanıb. Dünya karate ailəsində nüfuz qazanmış Azərbaycan karate məktəbinin əldə etdiyi idman nailiyyyətlərində Ülvi Quliyevin xidmətləri danılmazdır.
Üçüncü çağırış (2005-2010) 21 saylı Nəsimi birinci, dördüncü çağırış (2010-2015) 17 saylı Yasamal üçüncü, beşinci (2015-2020) və altıncı (2020-2024) çağırışda isə 15 saylı Yasamal birinci seçki dairələrindən Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilib. O, üçüncü və dördüncü çağırış Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü olub. 2015-ci ildə beşinci çağırış Milli Məclisin Gənclər və idman komitəsinə sədr müavini, 2018-ci ildə sədr seçilib. Altıncı çağırış Milli Məclisin Gənclər və idman, eləcə də Səhiyyə komitələrinin üzvü olub. Türkiyə, Böyük Britaniya, Rusiya, Almaniya, Belçika, Bolqarıstan, Koreya və Çexiya kimi ölkələrlə parlamentlərarası əlaqələr üzrə işçi qruplarının tərkibində fəaliyyət göstərib. Hüquqi, demokratik və dünyəvi Azərbaycanın qanunvericilik bazasının formalaşmasında fəal iştirak edib.
Bitərəfdir.
Ailəlidir, iki övladı var.