Son vaxtlar dünya neft bazarında mühüm mövqeyə malik OPEK-in başı üzərindən “qara buludlar” çəkilmir.
May ayında BƏƏ-nin OPEK-dən çıxması, iyunda isə İraqdan analoji xəbərdarlığın gəlməsindən sonra indi də Venesuelanın təşkilatla yollarını ayırmaq niyyətində olduğu bildirilir.
“Bakupost” xəbər verir ki, bu barədə mənbələrə istinadən “Bloomberg” agentliyi məlumat yayıb.
İddiaya görə, Karakas OPEK-dən mümkün çıxış məsələsini Vaşinqtonla müzakirə edib. Lakin hələlik bununla bağlı yekun qərar verilməyib.
Qeyd edək ki, OPEK-in 1960-cı ildə yaradılmasından etibarən təşkilatın üzvü olan Venesuela uzun müddətdir müəyyən edilmiş hasilat kvotalarına əməl etmir.
BƏƏ və İraqla bağlı proseslərin ardınca Venesuelanın da təşkilatdan mümkün gedişi OPEK-in gələcəyi ilə bağlı suallar doğurur.
Bəs yaranmış vəziyyət OPEK-ə nə vəd edir? Təşkilatın dünya neft bazarındakı çəkisi azala bilərmi?
Neft-qaz məsələləri üzrə ekspert İlham Şaban
“Bakupost”a bildirib ki, ayrı-ayrı ölkələrin bu cür addımlarına baxmayaraq, OPEK-in ciddi böhranla üzləşəcəyini və neft bazarında nüfuzunu itirəcəyini gözləmir:
“1960-cı ildə yaradılan OPEK bazarda qiymətlərə təsir edə bilən təşkilatdır və indi də bu rolunu qoruyub saxlayır. Yalnız 2016-cı ildə neftin qiyməti 27 dollaradək ucuzlaşdı. Bundan sonrakı dövrdə isə OPEK-in bazara təsiri azalmayıb, əksinə, yetərincə güclü olaraq qalıb. Baxmayaraq ki, bu müddət ərzində İndoneziya kimi ölkələr də təşkilatı tərk edib. Amma onların yerinə başqaları da gəlib. İstənilən halda OPEK öz qərarları ilə bazara təsir edə biləcək təşkilat olaraq qalmaqdadır”.
Ekspertin fikrincə, Karakasdan gələn bu siqnalın neftin qiymətinə ciddi təsiri də olmayacaq:
“Qəhvədən tutmuş banan ixracatçılarına qədər müxtəlif sahələrin öz təşkilatları varsa, deməli, neft kimi strateji məhsulun qiymətinin formalaşması, habelə istehsalçılarla istehlakçılar arasında körpü rolunu oynayacaq bir quruma da ehtiyac var və olacaq.
Venesuela bir vaxtlar gündəlik 1 milyon barrel neft hasil edirdi. Ancaq sanksiyalar altında olanda bu rəqəm cəmi 200 min barrel idi. Digər tərəfdən, Venesuela nefti əsasən Amerika bazarı üçün nəzərdə tutulub. Avropa və Yaponiya heç zaman Venesuela nefti almayıb. Çin isə az miqdarda alıb.
Venesuelanın OPEK-i tərk etmək niyyəti ilə bağlı xəbərin də neftin qiymətinə təsiri olmayıb. Hazırda neftin qiymətinə təsir göstərə biləcək əsas amillər verilən hərbi-siyasi bəyanatlar, Hörmüz boğazındakı vəziyyət və bu kimi geosiyasi proseslərdir”.
Rüfət Sultan,
BakuPost