Ru
22:20 / 01 Dekabr 2025

Vidadi Mustafayev də Yekaterinburqda SAXLANILDI: Nə baş verir? - FOTO

Vidadi Mustafayev də Yekaterinburqda SAXLANILDI: Nə baş verir? - FOTO
Eye

20:23

Rusiyanın Yekaterinburq şəhərində Ural bölgəsində azərbaycanlıların diasporunun yeni rəhbəri Vidadi Mustafayev xüsusi təyinatlıların keçirdiyi əməliyyat nəticəsində saxlanılıb.


Bakupost.az yerli KİV-lərə istinadla xəbər verir ki, saxlanma elit fitnes-mərkəzin çıxışında həyata keçirilib. İlkin məlumatlara əsasən, Mustafayev torpaq sahəsinin satışı zamanı dələduzluqda şübhəli bilinir.


Mustafayev bu vəzifəyə cəmi üç ay əvvəl – əvvəlki rəhbər Şahin Şıxlinskinin həbsi fonunda gətirilmişdi. O, sentyabr ayında “Ural Azərbaycanlılarının Mədəniyyət, Gənclər və İdman Mərkəzi”nin başçısı təyin olunub, ilk çıxışlarında diasporunun əvvəlki fəaliyyətini “diskreditasiya olunmuş” adlandırmış, “nizam yaratmağa”, gənclərin inteqrasiyası və tərbiyəsi ilə məşğul olmağa söz vermişdi. O, həmçinin Ural azərbaycanlıları üçün biznes-klubun qurulması və xüsusi əməliyyat iştirakçılarının dəstəklənməsi istiqamətində layihələr elan etmişdi.

KİV-lərin yazdığına görə, Mustafayevin saxlanması barədə hüquq-mühafizə orqanları rəsmi açıqlama verməyib.

Mustafayevin saxlanması Rusiya hakimiyyətinin Azərbaycan diasporuna (xüsusən Ural ərazisi) qarşı son bir ildə davam edən təzyiqləri fonunda baş verib. Ondan əvvəlki rəhbər Şahin Şıxlinski bu ilin iyulunda Moskvada saxlanılmış, daha sonra Yekaterinburqa aparılmışdı. Növbəti gün o sərbəst buraxılsa da, istintaq davam etmiş, hadisə həm yerli icmada, həm də Azərbaycanda ciddi rezonans doğurmuşdu.

Həmin dövrdə – iyunun sonunda – Ural bölgəsində azərbaycanlılara qarşı geniş miqyaslı istintaq işləri aparılmış, 2001, 2010 və 2011-ci illərdə baş vermiş qətllər və qəsdlərlə əlaqədar bir neçə azərbaycanlı saxlanılmışdı. Bu proses iki ölkə arasında diplomatik gərginliyə səbəb olmuş, Azərbaycan tərəfi saxlanılanlara qarşı zorakılıq və işgəncə tətbiq edilməsi barədə narahatlığını bildirmişdi.

Məhz bu hadisələrin ardından Mustafayev diasporun yeni rəhbəri kimi irəli çəkilmişdi. O, Ural azərbaycanlılarının ictimai reputasiyasını bərpa etməyi və yeni səhifə açmağı vəd edirdi.

Mustafayevin adı daha əvvəl də cinayət işində keçmişdi

Yeni saxlanılmış diaspor rəhbəri əvvəllər də bir cinayət işində ittiham olunur. O, Sredneuraliskin sabiq meri Andrey Zaşlyapinin “UFSB” əməkdaşına rüşvət verməsi zamanı vasitəçilikdə günahlandırılırdı. Lakin Mustafayev həmin vaxt könüllü olaraq hüquq-mühafizə orqanlarına ifadə verdiyi üçün məsuliyyətdən azad edilmişdi.

İndiki saxlanmada isə söhbət torpaq sahələrinin alqı-satqısı ilə bağlı dələduzluqda iddiadan gedir. İttihamın detalları ictimaiyyətə açıqlanmayıb və istintaqın hansı maddələr üzrə aparıldığı bəlli deyil.

Mustafayevin saxlanması Ural azərbaycanlılarının diasporunda növbəti rəhbərlik böhranını yaradıb. Qısa müddət ərzində ard-arda baş verən həbslər diasporun nüfuzuna ciddi zərbə vurub. Rusiya ictimaiyyətində azərbaycanlı icmasına münasibətin necə dəyişəcəyi və Moskva-Bakı xəttində bu məsələnin yeni diplomatik gərginlik yaradıb-yaratmayacağı hələlik bilinmir.

Hazırda diasporun gələcək fəaliyyətinin necə tənzimlənəcəyi, yeni rəhbərliyin kim olacağı və təşkilatın mövcud strukturlarının saxlanılıb-saxlanılmayacağı da sual altındadır.

İstintaq davam edir.




Cavid
BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar