Sərxan Həşimov Avropa Şahmat İttifaqının vitse-prezidenti vəzifəsinə seçilib.
“Bakupost” xəbər verir ki, Rumıniyada keçirilən seçkidə təşkilatın hazırkı rəhbəri Zurab Azmayparaşvili səs çoxluğu ilə növbəti 4 il müddətinə yenidən prezident seçilib.
Prezident seçkisindən sonra vitse-prezident vəzifələri üzrə səsvermə keçirilib. Azərbaycan Şahmat Federasiyasının İcraiyyə Komitəsinin üzvü Sərxan Həşimov 34 səs toplayaraq bu vəzifəyə layiq görülüb. Ümumilikdə qurumda üç vitse-prezident fəaliyyət göstərəcək.
Seçkidə Azərbaycan Şahmat Federasiyasının prezidenti və Beynəlxalq Şahmat Federasiyasının (FIDE) vitse-prezidenti Mahir Məmmədov da qonaq qismində iştirak edib.
Qeyd edək ki, Sərxan Həşimov mərhum şahmatçı, Avropa çempionu Vüqar Həşimovun qardaşıdır.