Ru
15:37 / 09 Noyabr 2026

Avropaya qorxu mesajı: Kremlin yeni oyunu

Avropaya qorxu mesajı: Kremlin yeni oyunu
Eye

Son günlər bir sıra Avropa ölkələrində geniş həcmli bomba təhdidləri qeydə alınıb.

“Bakupost” “Reuters”ə istinadən xəbər verir ki, noyabrın 6-da Avropanın bir neçə televiziya kanalının redaksiyaları elektron poçt vasitəsilə bomba təhdidləri alıblar.

Xəbərdarlıq alan telekanallar arasında İrlandiya yayımçısı RTE, Britaniya kanalı Sky və Bolqarıstanın Nova TV kanalları da var. Onların ofislərində aparılan yoxlamalar zamanı heç bir bomba aşkar edilməyib. Bomba təhdidi səbəbindən RTE üç saat ərzində musiqi yayımlayıb və əvvəlcədən yazılmış elanlar verib. Nova TV-nin redaksiyaları təxliyə edilib.
Yalan bomba təhdidlərinin arxasında kim dayandığı məlum deyil. RTE və Nova "Mixail Andropov" adlı birindən (çox güman ki, Sovet İttifaqı Kommunist Partiyasının baş katibi Yuri Andropova istinad edir) elektron poçt alıblar. Xəbərdarlıq “Qərbə mesaj” bağlığı altında göndərilib:

"Biz bütün dünyanın bizim haqqımızda bilməsini istəyirik, ona görə də agentlərimizdən biri binanıza partlayıcı qurğu yerləşdirib. O, 45 dəqiqəyə partlayacaq. Zaman keçir... Amma bu, yalnız başlanğıcdır. Bu həftə baş verənlər yaxın gələcəkdə Avropanı gözləyənlərin yalnız kiçik bir hissəsidir".
Telekanallara edilən bu təhdiddən bir neçə gün əvvəl isə Avropanın bir sıra ölkələrində sərnişin təyyarələrinə və hava limanlarına qarşı kütləvi və saxta olduğu ehtimal edilən bomba təhdidləri həyata keçirilib.

Məlumatlara görə, noyabrın 3-də 7 reysdə, noyabrın 5-də 14 reysdə, noyabrın 6-da isə Fransanın hava məkanından uçan 4 təyyarə də daxil olmaqla Avropada ümumilikdə onlarla aviareysdə bomba həyəcanı yaşanıb. Nəticədə
İtaliya, Polşa, Çexiya, Bolqarıstan, Macarıstan, İspaniya, Fransa və Belçikada müxtəlif reyslər təhlükə ilə üzləşib. Baş vermiş olay fonunda bəzi təyyarələr marşrutlarını dəyişərək təcili eniş edib, digərləri isə hərbi hava qüvvələrinin müşayiəti ilə təhlükəsiz şəkildə yerə endirilib. Sərnişinlər təxliyə olunub.

Aparılan axtarış və yoxlamalar nəticəsində təyyarələrin heç birində partlayıcı maddə aşkarlanmayıb, beləliklə əlumatların saxta olduğu müəyyən edilib.

Təhdidlərin kim, hansı ölkənin dəstəyilə edildiyi barədə hələlik konkret mılumat yoxdur. Amma prosesin gedişi belə düşünməyə əsas verir ki, bu kimi təhdidlərin arxasında Rusiya, onun kəşfiyyat orqanları dayanır. Moskva Ukraynada müharibəyə başladığı gündən üzü bəri Kiyevi dəstəkləyən Avropa ölkələrini hər zaman təhdid, təzyiq altında saxlayıb. Bu müddət ərzində Ukrayna ilə sərhəddə yerləşən Polşa, Baltik ölkələri, Rumıniya, hətta Türkiyə belə dəfələrlə dron hücumlarına məruz qalıb. İndiki halda isə görünən odur ki, Kreml təhdidin həcmi və maştabını genişləndirmək qərarına gəlib. Ona görə də təyyarə və telekanalları hədəf seçib. Hətta mövcud situasiya davam edəcəyi təqdirdə, Rusiyanın növbəti mərhələdə Avropa ölkələrindəki daha mühüm əhəmiyyət kəsb edən obyektləri belə hədəfə alacağı da istisna edilmir.

Rusiyanın bu təhdidlərdə məqsədi nədir? Aydın məsələdir ki, Rusiya Qərblə müharibə aparmaq gücündə deyil. Bir tək Ukrayna ilə bacarmayan Ruisyanın hər bir sahədə daha böyük imkan və potensiala malik Qərbi üstələməsi mümkünsüzdür. Əksinə, Moskvanın Qərblə birbaşa müharibəyə girməsi birinci növbədə Rusiyanın özünün məhvinə gətirib çıxara bilər. Belə vəziyyətdə Moskvanın dronlar atmaq, təyyarə və telekanallarda bombaların yerləşdirildiyi barədə yalan məlumatlar verməkdə məqsədi Avropa ölkələri əhalisini qorxutmaq, onları həyəcan altında saxlamaqdır. Moskva bu kimi təhdidlərə əl atmaqla çalışır ki, Avropa əhalisini qorxu altında saxlamaqla, onların Rusiyaya münasibətinin dəyişməsinə nail olsunlar.
Rusiyadan fərqli olaraq Qərbdə demokratiya geniş yayıldığından bu məkanda müxtəlif düşüncəli fikirlərin sərbəst şəkildə yayılması və təbliğinə də imkan verilir. Avropa ölkələrinin demək olar ki, hamısında heç də bütün siyasi cərəyanlar öz dövlətlərinin Ukraynaya dəstəyini müdafiə etmir. Burada bir sıra siyasi partiyalar Rusiyanın Ukrayna ilə müharibəsinə öz ölkələrinin qarışmamasını, neytral qalmalarını istəyirlər. Həmin qüvvələr arasında sol cərəyanlarla yanaşı, qatı sağçı qüvvələr üstünlük təşkil edir. Onlar 2022-ci ildən bəri davam edən müharibədə hər zaman öz ölkələrinin prosesə qarışmamasını təbliğ ediblər.

Rusiya da dron atışı, saxta bomba kimi təhdidlərlə Qərb ölkələri əhalisini qorxu altında saxlamaqla, həmin dövlətlərin seçkiciləri arasında məhz Moskvaya meylli siyasi qüvvələrin rəğbətinin artmasına nail olmaq istəyir. Yəni son saxta oyunların arxasında məhz Rusiyaya yaxınlığı ilə seçilən qüvvələrin mövqelərinin möhkəmlənməsinə nail olmaq dayanır ki, Avropa ölkələrində olacaq gələcək seçkilərdə həmin siyasi dairələr dövlətlərinə təsir edə biləcək əhəmiyyətli gücə çevrilə bilsinlər. Bu kimi yollarla Rusiya çalışır ki, Qərbin Ukraynaya dəstəyi tam dayanmasa da, heç olmasa əhəmiyyətli dərəcədə azalsın. Amma hələlik hadisələr, heç də Kremlin istəyinə uyğun getmir. Macarıstanda, Serbiyada Moskvaya rəğbət bəsləyən qüvvələr artıq hakimiyyətlərini təhvil veriblər.
İranın ABŞ-nin Avropadakı hərbi bazalarını vuracağı ilə bağlı səsləndirdiyi təhdidi də aydın məsələdir ki,məhz Moskvanın istəyilə gündəmə gətirilib.

Rüfət Sultan,
BakuPost

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar