Ru
15:50 / 29 Oktyabr 2020

Xalq “McDonald’s”, “KingBurger” və “Papa John’s”u boykot edir: Prinsip, yoxsa xəyanət?

5563

Ölkəmizdə fəaliyyət göstərən transmilli şirkətlər Dağlıq Qarabağla bağlı Azərbaycana verdikləri dəstəklə əlaqədar paylaşım postlarını öz sosial şəbəkə səhifələrindən siliblər. Azərbaycanda fast-food (ayaqüstü yemək) şəbəkəsini quran “McDonald’s”, “KingBurger” və “Papa John’s” şirkətlərinin bu davranışı cəmiyyətdə mənfi qarşılanıb. Belə ki, hər 3 şirkət müəyyən vaxtlarda Azərbaycanın qələbəsi ilə bağlı postlar paylaşsalar da, daha sonra bu paylaşımları siliblər. Bu, geniş kütlə tərəfindən etirazla qarşılanıb və sosial şəbəkələrdə “boykot” həştəqləri yaradılıb.

Bundan başqa, insanlar hesab edirlər ki, bu şirkətlər paylaşımı silməklə Ermənistana dəstəyini ifadə ediblər. Etirazçılar şirkətləri Azərbaycan xalqından üzr istəməyə çağırıblar.


Bəs adı hallanan şirkətlərin Azərbaycana dəstəklə bağlı paylaşımlarını silməkdə məqsədi nədir? Ölkəmizdə “boykot” çağırışları necə qiymətləndirilir?

Mövzu ilə bağlı “BakuPost”a danışan Milli Məclisin deputatı Azər Badamov qeyd etdi ki, sözügedən şirkətlər beynəlxalq şirkətlərdir və Azərbaycan reallığını ötən günə qədər işıqlandırıblar:


“Deməli, onların Azərbaycanda olan filialları bu gün ölkəmizin ədalətli mövqeyini dəstəkləyirlər. Amma ola bilər ki, o şirkətlərin rəhbərləri tərəfindən bu cür paylaşımların qəbuledilməz olduğuna dair müəyyən təzyiqlər olub və nəticədə siliblər. Bu şirkətlər ölkəmizdə fəaliyyət göstərərək Azərbaycandan gəlir əldə edirlərsə, Azərbaycan reallıqlarını da bacardıqları qədər təbliğ etməlidirlər”.

Millət vəkili vurğuladı ki, onlar bu postları öz səhifələrindən siliblərsə və bunu özlərinə rəva bilmirlərsə, azərbaycanlılar da bu millətin vətəndaşları olaraq, həmin şirkətlərə gəlir verməməli, məhsullarını boykot etməlidirlər:

“Belə bir vaxtda kimlər uzaq qaçırsa, deməli, Azərbaycanın dostu deyillər. Buna görə də hər kəs sözügedən şirkətlərin mallarından imtina etməklə öz etirazlarını bildirməlidir”.

Milli Məclisin deputatı, iqtisadçı ekspert Vüqar Bayramov isə söylədi ki, yalnız haqq işinə səs verən və dəstək olan şirkətlərə deyil, eyni zamanda aparıcı media qurumlarına da erməni lobbisinin ciddi təzyiqi var:


“Bir sıra Avropa mediasında gedən materillara görə həmin yazıların müəlliflərinə qarşı müəyyən təzyiqlər olunurdu. Hətta bəzi ölkələrin parlament nümayəndələrinə belə Azərbaycanın haqq işini dəstəklədiyinə görə bu tip hədələr müşahidə olunurdu. Erməni lobbisi çalışır ki, haqq işimizə dəstək verənləri hansısa formada təzyiq altına salsın. Lakin Azərbaycana dəstək paylaşımını silən şirkətlər dünyada tanınmış şirkətlərdir. Nəinki şirkət, həmçinin hər hansı bir vətəndaş paylaşım edib, daha sonra sildikdə bu, onun reputasiyası üçün heç də yaxşı deyil. Onların paylaşımı “Qarabağ Azərbaycandır!” olub. Bu təkcə Azərbaycanın haqq işi deyil, həm də BMT-nin tanıdığı bir həqiqətdir. Çox təəssüf ki, bu şirkətlər erməni lobbisinin təzyiqi nəticəsində həmin paylaşımı siliblər. Bu da qeyd etdiyim kimi, onların reputasiyası üçün yaxşı bir şey deyil”.

V.Bayramov əlavə etdi ki, vətəndaşlarımızın bu təşəbbüsünü dəstəkləmək və hörmətlə yanaşmaq lazımdır:

“Düşünürəm ki, hansısa məhsulu almaq yaxud “boykot” etmək istehlakçının, hər bir vətəndaşın özünün qəbul edəcəyi qərardır. Əgər vətəndaşlar həmin şirkətin məhsullarını almaqdan imtina edirlərsə, mən buna sadəcə hörmətlə yanaşıram”.

Bu barədə paylaşım edən "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz qeyd edib ki, indiki zamanda “Qarabağ Azərbaycandır” sadəcə iki sözdən ibarət ifadə deyil, hətta çox şey də deyil, sadəcə hər şeydir:



“Qarabağ məsələsi indiki zamanda hər şeydən, kiminsə investisiyalarından, kiminsə müvəqqəti itirəcəyi iş yerlərindən, hansısa bir “McDonald’s Azərbaycan”dan müqayisə olunmaz dərəcədə üstündür. Bu məsələ ümumiyyətlə, müzakirə predmeti olmalı deyil”.

O.Gündüz hesab edir ki, adı çəkilən şirkətlər beynəlxalq hüququn Azərbaycan tərəfində olduğunu nəzərə almalı idi:

“Bu baxımdan “McDonald”s Azərbaycan”ın ABŞ-ın Erməni Cəmiyyətinin qlobal “McDonald”s”a təpkisi ilə “Qarabağ Azərbaycandır” paylaşımını öz rəsmi səhifələrindən silməsi nəinki biabırçılıqdır. Hətta düşünürəm ki, hüquq-mühafizə orqanları dərhal buna münasibət bildirməlidir. Fikrimcə, sahibkarlıqla bağlı qurumlar deyil, DTX bu tip məsələlərə diqqət etməlidir. Başda Ali Baş Komandan olmaqla, indi bütün ölkə “Qarabağ Azərbaycandır” uğrunda ölüm-dirim savaşı apardığı bir zamanda hansısa bir şirkətin bilərəkdən edilmiş bu tip hərəkəti etinasızlıq və sayğısızlıq yox, ciddi məsuliyyət yaradan hərəkətdir. Beləliklə düşünürəm ki, indiki anda bu tip məsələlər müzakirə predmeti olmamalıdır, baykot çağırışı nəinki doğrudur, hətta milli maraqlarımıza qarşı bu tip hərəkət edənlər məsuliyyətə cəlb edilməlidir”.



Qeyd edək ki, “McDonald’s” “Bayrağımız Azərbaycanın bütün doğma torpaqları üzərində dalğalansın”, “Doğma bayrağımızın hər zaman Azərbaycanın yüksəkliklərində dalğalanmasını arzu edirik”, “Vətənin hər qarışı doğmadır və bölünməzdir” başlıqlı yazılarla Azərbaycan xəritəsi və bayraqları ilə müharibə başlayan gündən yerli auditoriyaya dəstək mesajı ilə çıxış edirdi. Bu dəstək mesajı Rusiya KİV-ində “təəccüblə” qarşılanmışdı. Nəhayət, ötən gün ölkəmizdə artıq müharibənin rəmzinə çevrilmiş “Qarabağ Azərbaycandır!” şüarından imtina edən “McDonald’s” bu postu silib. Öncəki postları silməklə “yemək və xoş anlar”dan bəhs edən post paylaşıb, öncəki etdiklərinə görə auditoriyadan üzr istəyib.

Analoji addımı “KingBurger” və “Papa John’s” da atıblar.


Amerika Erməni Assambleyası isə bu şirkətlərə postlarını sildikləri üçün təşəkkür edib.

Ləman Hüseynzadə
Xalq “McDonald’s”, “KingBurger” və “Papa John’s”u boykot edir: Prinsip, yoxsa xəyanət?
Xalq “McDonald’s”, “KingBurger” və “Papa John’s”u boykot edir: Prinsip, yoxsa xəyanət?
Xalq “McDonald’s”, “KingBurger” və “Papa John’s”u boykot edir: Prinsip, yoxsa xəyanət?
Xalq “McDonald’s”, “KingBurger” və “Papa John’s”u boykot edir: Prinsip, yoxsa xəyanət?
Xalq “McDonald’s”, “KingBurger” və “Papa John’s”u boykot edir: Prinsip, yoxsa xəyanət?
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər