Son zamanlar İran hakimiyyəti daxilində ikitirəliyin yarandığı daha qabarıq şəkildə özünü göstərməyə başlayıb.
Müharibənin başlanması ilə əsas təsir rıçağını öz əlinə alan SEPAH-la Xarici İşlər Nazirliyi və Prezident adminstrasiyası arasında əvvəllər mövcud olan ziddiyyətlər daha da kəskinləşib. Bu ziddiyyətlər Hörmüz boğazı, danışıqlar məsələsində də özünü göstərir. SEPAH və ona bağlı qüvvələr Hörmüz boğazının bağlı qalmasını və onu blokadaya alan ABŞ-a yenidən zərbələr endirilməsinin vacibliyini bildirir. Ona qarşı olan qüvvələr isə boğazla bağlı məsələdə kompromislər əsasənda razılığa gəlməyi İran üçün daha məqbul variant hesab edir. Bu fonda SEPAH-a bağlı qüvvələr hətta XİN rəhbəri Abbas Əraqçini az qala vətənə xəyanət etməkdə ittiham etməkdən belə çəkinmirdilər. SEPAH danışıqların da əleyhinədir. Onlar iddia edir ki, danışıqlar qarşı tərəfi güclənməsinə xidmət edir.
Bir sözlə, Pakistanda keçirilməsi gözlənilən danışıqların ikinci raundu ərəfəsi İran hakimiyyəti daxilində mühafizəkarlarla islahatçılar arasında mübarizə də kəskinləşir.
Politoloq Qabil Hüseynli
Bakupost.az-a bildirib ki, ABŞ ilə aparılan danışıqlara fərqli münasibət İranda SEPAH-la liberallar qanadı arasında ziddiyyətlərin daha da kəskinləşməsinə gətirib çıxaracaq:
“Artıq bunun ilk qığılcımları görünməkdədir. Radikallar yenidən başlarına bomba yağdırılanda səhvə yol verdiklərini anlayacaqlar”.
Ekspertin sözlərinə görə, SEPAH-ın belə mövqeyi sonda ölkəni məhvə doğru sürükləyəcək:
“SEPAH özünü sanki arabanın “5-ci təkəri” kimi aparır. Onlar həm İran daxilində proseslərin getməsinə maneə olur, həm də danışıqlar prosesinin əleyhinə çıxır. Bu da İranda yaranan hakimiyyət boşluğu və vakumundan qaynaqlanır. Ondan da istifadə edərək SEPAH bütün rıçaqları ələ keçirib. Nəticədə hazırda SEPAH özünü hökm sahibi kimi aparır. Ölkənin xarici işlər naziri Əraqçi və Prezident Pezeşkian da bu vəziyyətdə heç nə edə bilmirlər”.
Həmsöhbətimiz düşünür ki, SEPAH-ın bu özbaşınalığına sonda xalqın güclü etirazı son qoyacaq:
İndiki halda SEPAH ölkədə hakimi-mütləq olsa da, politoloqun fikrincə, müharibənin bitməsilə onların da daxildəki mövqeləri xeyli sarsılacaq:
“Çünki müharibədən sonra dağılmış infrastrukturu bərpa etmək lazım gələcək ki, SEPAH çətin bunun öhdəsindən gələ bilsin. Bu radikallar daha çox dağıtmağı bacarır, nəinki qurub-yaratmağı. Həmin dövrdə də SEPAH-ın mövqeləri zəifləməyə başlayacaq. Bu əsasda xalqın ciddi bir etirazı sözügedən qüvvələrə sarsıdıcı zərbə vura bilər. Hadisələr də əvvəl-axır ona doğru gedəcək”.
Rüfət Sultan, BakuPost