Ru
13:02 / 06 Sentyabr 2025

Yardımlının Qaqarinin xahişi ilə bərpa olunan kəndi - Baraklarda məktəb və təhsildən yayınan gələcəyimiz - VİDEO

Yardımlının Qaqarinin xahişi ilə bərpa olunan kəndi - Baraklarda məktəb və təhsildən yayınan gələcəyimiz - VİDEO
Eye

Yardımlının günbatan istiqamətində, mərkəzdən 24 km aralıda başı bəlalar çəkmiş bir kənd var - Deman kəndi. Dəniz səviyyəsindən 1527 metr hündürlükdə yerləşir. Coğrafi ədəbiyyatlarda daha çox “Deman düzü”, “Deman yaylası” kimi tanınır.

Biz gələn qonaqlarımızı bu yerlərə adətən, füsunkar təbiətimizi göstərmək, həm də rayonumuzun lap ucqar kəndlərinə qədər yollarının asfaltlanmasından qürur hissi keçirdiyimizi hiss etdirmək üçün gətiririk. Hə, bir də o taylı-bu taylı Azərbaycanımızın simvolu kimi Arvana aşırımından Savalan dağını görmək ümidi ilə. Savalan da hələm-hələm üzünü göstərməz, qalır şansa. Bir də bu kənddə kükrəyəndə qana susayan, 110 kilometrdən sonra Xəzərə qovuşan Viləş çayının başlanğıc götürdüyü Deman bulağı var.

Bu dəfə də qonaqlarım - ədəbiyyat və söz adamları Bilal Alarlı, Sevil İsayeva və Əlövsət Tahirliyə məhz bu yerləri göstərmək, bir də şansımız gətirərsə Savalanı görmək üçün gətirərkən yolüstü Deman kəndinə də dönmüşdük. Dəfələrlə bura gəlsəm də, kəndin düz mərkəzində yanaşı qoyulan iki taxta barak diqqətimi çəkməmişdi və ağlımın ucundan da keçməmişdi ki, məhbuslar üçün, həm də müvəqqəti saxlanc yeri kimi istifadə edilə bilən bu baraklar kəndin məktəbi ola bilər.

Taxta qutuların birinin üstünə yapışdırılmış lövhə Bilal Alarlının diqqətini cəlb etmişdi. Lövhənin üzərində yaşıl rənglə əyri-üyrü, həm də naşı adam tərəfindən yazılan yazını höccələyəndə məlum oldu ki, bura sən demə, Demanın ibtidai məktəbi imiş. Bunu biləndə ətrafda daha bir taxta qutu olduğunu gördük.

Elə bu zaman yanımıza iki uşaq qaçıb gəldi. Elə gözəl, mehriban uşaqlar idilər ki, onlarla həmsöhbət olmaqdan yayına bilmədik. Uşaqlardan Hüseyn bu məktəb adlandırılan məkanda 1-ci sinfi bitirmişdi, bu il əli ilə göstərdiyi qutuda 2-ci sinifdə oxuyacaqdı. Qardaşı İlkin isə bu il digər qutuda 1-ci sinfə gedəcəkdi.

Elə uşaqlardan öyrəndik ki, məktəblərində iki müəllim var. Ər-arvad olan müəllimlər qruplaşdırılmış qoşa siniflərdə dərs deyirlər. Elə bu zaman iki əlində su ilə dolu vedrə olan cavan bir xanım məktəblə üzbəüz həyətdən çıxıb bizə yaxınlaşdı. Məlum oldu ki, Hüseynlə İlkin onun övladlarıdır. Hələ körpə olan bir oğlu da evdəydi. Həmsöhbətimiz Ağgül çox dilli-dilavər bir xanım idi. Yazı-pozu adamı olduğumuzu biləndə bizdən əl çəkmədi, qayğılarını və ümumiyyətlə, kəndin çətinliklərini bir-bir söyləməyə başladı. Hətta müsahibə verməkdən belə çəkinmədi. Ən böyük dərdi uşaqlarının təhsil problemiydi. Düzünü deyim ki, ibtidai təhsil verən müəllimlərlə bağlı gileyini eşitmədik. Onun qorxusu 4-cü sinfi bitirdikdən sonra övladlarının təhsildən yayına biləcəklərindən yana idi. Kənddə heç bir yaxın qohumu yox idi, yoldaşı da ailəsini dolandırmaq üçün bir vaxt bura köçüb gəldikləri Şirvan şəhərinə üz tutmuşdu. Ağgül xanımın dediyinə görə, burada iş tapa bilmədiyindən Şirvan şəhərində fəhlə işləyir və vaxtaşırı ailəsinin yanına gəlib gedir.
Deman kəndinin yerləşdiyi ərazi rayonun ən rahat, yaşayış üçün ən uyğun yerlərindən biridir. Kəndin çox geniş, təsərrüfat üçün yararlı torpaq sahələri var. Amma Demanın başı həmişə dumanlı, qan-qadalı olub. Kəndə mənsub olan bütün ərazi "Hacı Hüseyin yeri" adlanır. Əslən Deman kəndindən olan ağsaqqal müəllim Şahbaz Hüseynovun sözlərinə görə, babası Hacı Hüseyin bu torpaqları yaxın dostu, hətta siğə qardaşı olan H.Z.Tağıyevin köməkliyi ilə III Aleksandrdan 7 min qızıl pula alıb. Deman, sadəcə bir coğrafi məkan deyil, bu yerlər bütöv Azərbaycan üçün həmişə böyük önəm kəsb eləyən mənəvi məskənlərdən biri olub.
Əhali arasında geniş yayılmış rəvayətə görə, Şah İsmayıl Xətai baba yurdu Ərdəbildən bu yaylaqlara tez-tez gələr, orucluqda isə iftarını Demandakı Gözə bulağının suyu ilə açarmış.

“Deman” toponiminin haradan qaynaqlandığı barədə müxtəlif fərziyyələr var. Xalq arasında bu söz əsasən “dəmyə yerlər”, “suvarılmayan əkin sahələri” kimi yozulur. Ancaq bu fikir təbii ki, yanlışdır. Əslində, “Deman” toponimi daha qədim tarixdən bizə miras qalmış bir sözdür. Tarixçilər və dilçilər “Deman” sözünü ən qədim toponimlərdən biri hesab edərək, onun Hun xaqanı, məşhur sərkərdə Metenin babası Teomanın adı ilə bağlı olduğunu bildirirlər. Bəzi mənbələrdə “Teoman” sözünun “Duman” kimi işləndiyini də nəzərə alsaq, bu fikrin həqiqətə daha yaxın olduğunu qəbul eləməliyik.

Mənbələrin yazdığına görə, Göytürk dövlətinin qurucusu, Orxon kitabələrində adı çəkilən Bumın Kağanın da bir adı “Teumen” olub. Bir sıra tədqiqatçılar hətta Rusiya ərazisindəki Tümen şəhərinin adının da qədimdə “Teumen” olaraq işlədildiyi qənaətindədirlər. Bizim bunlarla işimiz yoxdur, qoy bununla alimlər məşğul olsun.

Qacar İranı ilə Rusiya imperiyası arasında imzalanan və 1826–1828-ci illər Rusiya–İran müharibəsinə son qoyan Türkmənçay sülh müqaviləsi eyni millətin, eyni dövlətin parçalanması ilə nəticələndiyindən ən dilbər guşə, bütün ticarət yollarının ən rahat hissəsi, geniş və yararlı torpaq sahələrinə malik məntəqə olan Deman bölgəsi ucqar bir yerə çevrilərək sərhəd zonasına düşdü. Və elə bu da zaman-zaman orada yaşayan əhalini sürgün-didərgin halına saldı.

Əslində 1953-cü il köçürülməsi üçün zəmin 1948-ci ildə hazırlanmışdı. Belə ki, 1948-ci ilin oktyabr ayında İranın Xoy briqadası gözlənilmədən dövlət sərhədini keçərək neytral əraziyə və Azərbaycanın sərhədyanı kəndi olan Demana tərəf irəliləməyə səy göstərdi. Üç gün davam edən döyüşlər nəticəsində qarşı tərəf böyük itkilər verərək geri çəkilməyə məcbur oldu. Ertəsi gün Moskvadan təşrif buyuran SSRİ-nin yüksək rütbəli məmuru Qromıko burada yerləşən sərhəd zastavasına gəldi. Onda sərhəd İran ilə müəyyən olunmuş xətt hesab olunurdu. Ona görə də 60 ailənin məskunlaşdığı Deman kəndi hələ ki, öz ərazisinə malik idi.

Hələ 1935-ci ilin dekabrında Mircəfər Bağırov Stalinə ünvanladığı məxfi məktubunda bir il ərzində 752 nəfərin daxil olduğu 78 əksinqilabi qrupun ləğv edildiyini yazaraq İranla sərhəd rayonlardan 700 ailənin SSRİ-nin ucqar rayonlarına, 300 ailənin isə Azərbaycanın başqa rayonlarına köçürülməsinə icazə verməsini xahiş etmişdi.

Birinci katib bu adamları əksinqilabçı, üsyançı, molla adlandırırdı. Onun bu xahişi yerinə yetirildi. Artıq 1936-cı il fevral ayının 15-də SSRİ Xalq Komissarları Soveti Vərgədüz və Astara rayonlarındakı sərhəd zolağından 250 təsərrüfatın köçürülməsi barədə qərar layihəsi işləyib hazırlamışdı. Qərar 1936-cı ilin oktyabrında həyata keçirildi. Beləliklə, rəsmi sənədlərə əsasən, Deman kəndinin köçürülməsiylə bağlı məsələlər hələ 30-cu illərdən bolşeviklərin diqqətindəymiş.

Sakinlərin əlinin qabarı ilə Demanda milyonçu kolxoz təsərrüfatı yaradılmasına baxmayaraq, tale demanlıların üzünə gülmür, 1953-cü ildə kəndin əhalisi zorla doğma yurd-yuvalarından deportasiya, kənd özü isə yerlə-yeksan edilir. Xruşşov hakimiyyətə gələndən sonra isə Demanın ərazisindən min hektarlarla ərazi kəsilib İrana verilir.

Əslində, Sovet İttifaqı rəhbərliyinin təhlükəsizlik tədbiri kimi qələmə verdiyi bu qərar daha çox özünün amansızlığı, köçürülən insanlara xüsusi qəddar münasibətiylə diqqəti cəlb edir. Yardımlının dağ kəndlərində yaşayan insanları minillik dədə-baba torpaqlarından qoparıb isti Aran rayonuna – keçmiş Əli Bayramlı, indiki Şirvan şəhərinə köçürürlər. Hazırda bu şəhərdə Deman məhəlləsi var. Beləcə Perinbel kəndi özü də daxil olmaqla sovetliyə daxil olan Avaş və Deman kəndlərinin əhalisinin ruhlarına, xarakter və təbiətinə, yaşayış tərzlərinə uyğun olmayan yerlərə sürgün həyatı başlayır. Ancaq bu mətin dağ adamları daim doğma yurd yerlərinin həsrəti ilə yaşayır və əzəli torpaqlarına qayıtmaq uğrunda mücadilədən heç zaman vaz keçmirlər.

O vaxt sərhədə yaxın və neytral zonaya düşən 30-a yaxın kənd köçürülüb. Onlardan Qarovuldaş, Oncakələ, Vəlişli, Məceyir, Avaraq, Pirdodan, Köhnəqışlaq, Abasallı və digər kəndləri göstərmək olar.

1961-ci ildə yurd həsrətinə dözməyən perinbellilərdən Salyanda məskunlaşan iki nəfər - Ağabəy və Mirlətif didərginlərin adından onların imzaları ilə məktub hazırlayaraq Moskvaya gedirlər. Onlar kosmosdan yeni qayıdan və ilk kosmanavt kimi adı tarixə düşdüyündən Kremldə böyük nüfuza malik olan Yuri Qaqarinlə görüşürlər. Məcburi şəkildə kəndlərindən köçürülərək yaşadıqları yerin həyat şəraitinə heç cür uyğunlaşa bilmədiklərindən, ayrı-ayrı yerlərə sürgün edilmələrindən söhbət açırlar. Söhbət əsnasında Ağabəy kişi Qaqarindən soruşur: "Yoldaş Qaqarin, siz kosmosda olanda ən çox kimin üçün darıxırdınız?" Xoşbəxtlikdən Qaqarin onlara lazım olan cavabı verir: "Mən illüminatordan Yerə baxanda ən çox doğma vətənim üçün darıxırdım". Ağabəy kişi o dəqiqə dillənir: "Baxın, yoldaş Qaqarin, biz də öz doğma kəndimiz üçün darıxırıq". Bu söz Yuri Qaqarinin xoşuna gəlir, onları götürüb SSRİ Ali Sovetinin sədri Podqornının yanına aparır və ondan məsələnin həllini xahiş edir. Podqornı məktuba baxır, onları dinləyir və kömək edəcəyinə söz verir. Ağabəylə Mirlətif geri qayıdandan bir müddət sonra onları Azərbaycan SSR Ali Sovetinə çağırırlar. Ali Sovetin sədri Əli İsgəndərov kəndin yenidən bərpa olunması barədə qərarı onlara təqdim edir. İlk dəfə 1962-ci il sentyabrın 1-də 7 ailə maşınla Perinbelə qayıdır. Sonra Avaş kəndindən deportasiya edilənlərin əksəriyyəti geri qayıdır.
Demanlıların doğma yurda qayıtması isə ləngiyirdi. Deman kəndi sərhəddin içərisində qaldığından qayıdış məsələsinə icazə vermirdilər. Amma demanlılar geri dönməkdə qərarlıydılar. Bu işdə kəndin ağsaqqalı Novruz Novruzovun əməyi danılmazdır. Geri dönən 6 ailə 6 ay sərhəd zastavasının qarşısında çadırlarda yaşayır. Demanlıların israrından sonra Deman kəndi sərhəddən kənara çıxarılır, sərhəd xeyli geri çəkilərək kəndin özü və ona yaxın bir xeyli ərazi azad edilir. Çox keçmədən kəndə qayıdan ailələrin sayı 20-yə çatır. Amma kəndə qayıdanların sayı nəinki get-gedə artır, əksinə artıq yeni, şəhər mühitinə öyrəşən insanlar dağ kəndinin çətinliklərinə, yolsuzluğa, yenicə formalaşan kənddəki şəraitsizliyə dözməyərək geri qayıdırlar. Onların çətinliklə özlərinə qurduqları yeni yurd-yuvalarını qonşu kəndlərdən, xüsusilə Avaş kəndindən olan insanlar alırlar. Hazırda Avaş kəndindən olan 16 ailə bu kənddə məskunlaşıb. Köhnə demanlılardan kənddə yalnız 3 ailə yaşayır.
Kənddə bəzi çatışmazlıqları nəzərə almasaq, artıq hər cür şərait var. Nəinki bu kəndə, hətta buradan xeyli aralıda yerləşən ən ucqar Arvana kəndinə qədər asfalt yol çəkilib. Kənddə su, işıq problemi yoxdur. Hər evə internet xətti çəkilib. Kəndin torpaqları əkinə yararlı və çox məhsuldardır. Demanın pomidoru, xiyarı, lobyası, kartofu adla deyilir. Heyvandarlıqla məşğul olmaq üçün kifayət qədər torpaqları var. Kəndin sərhəddin içərisində - neytral ərazidə qalan torpaqlarından həm heyvanları otarmaq, həm biçənək, həm də əkmək üçün istifadəyə icazə verilir. Amma Deman və yaxın ərazilərdəki dəmyə torpaqlarda ot yığmaq məsələsində problemlər yaranır. Kəndlilər hər il ot tədarükündə çətinlik yaşadıqlarından heyvandarlığı inkişaf etdirmək problemi var. Kəndin ən başlıca problemi burada qışın uzun sürməsi, ilin 7 ayının soyuq keçməsi səbəbəindən yanacağa hədsiz ehtiyac olmasıdır. İnsanlar mal təzəyini qurutmaqla kərmə adlandırılan quru yanacaq düzəldirlər. Bu isə elə də keyfiyyətli yanacaq hesab edilmir. Yetərincə odun almaq isə onsuz da maddi sıxıntı çəkən əhali üçün əlçatmaz hesab olunur. İnanırıq ki, belə ucqarlara bir zamanlar asfalt yol çəkildiyi kimi, tezliklə qaz çəkilişi də reallaşacaq.

Bu kənd camaatını üzən digər problem isə uşaqların təhsil almasıdır. Yazının əvvəlində qeyd etdiyimiz kimi, kənddə ibtidai məktəb fəaliyyət göstərir. Sakinlər uşaqların şəraitsiz, darısqal otaqlarda dərs keçmələrini özlərinə dərd eləmirlər. Əsas odur ki, müəllim var və dərs keçilir. Amma uşaqlar 4-cü sinfi bitirən kimi problemlər başlayır. Çünki hər gün uşaqları, xüsusilə qızları 8 kilometr aralıda yerləşən Avaş kənd tam orta məktəbinə aparıb-gətirmək olduqca çətindir. Qış aylarında bu çətinlik pik həddə çatır. Ona görə uşaqların əksəriyyəti təhsildən yayınır. Bəziləri təhsilini ümumiyyətlə, davam etdirmir. İmkanı, adamı olanlar azyaşlı uşaqlarını Şirvan şəhərində yaşayan qohumlarının yanına göndərmək məcburiyyətində qalırlar. Ona görə də kənddə kimi dindirdiksə, məhz bu problemi önə çəkdilər. Kənd camaatı bu problemlərinin həll olunmasından ötrü onlara bir maşın ayrılmasını və bu maşının hər gün onların övladlarını Avaş məktəbinə aparıb-gətirilməsini xahiş edirlər. Göründüyü kimi, bu, elə də çətin məsələ deyil və vaxtilə bolşeviklərin yerlə yeksan etdiyi, sonradan min bir əziyyətlə yenidən dirçəldilən kəndin xilası üçün mütləq həllini tapmalıdır.

Zahir Məlikli



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar