Yardımlı Rayon İcra Hakimiyyətinin yeni başçısı Orxan Məmmədov vəzifəyə təyin olunduqdan bir neçə gün sonra kəndlərdə sakinlərlə görüşlərə başlayıb.
“Bakupost” xəbər verir ki, oktyabrın 28-də Avaş kəndində keçirilən səyyar qəbulda Avaş, Abasallı, Deman, Qaravuldaş və Arvana kəndlərinin sakinləri iştirak ediblər.
Təxminən 210 nəfərin qatıldığı görüşdə vətəndaşların müraciətləri fərdi qaydada dinlənilib, qaldırılan problemlər yerində müzakirə olunub.
Müraciətlərin bir qismi yerində həll edilib, digər məsələlərlə bağlı aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar verilib.
Yeni icra başçısı sakinlərin problemlərinin operativ həllinin vacibliyini vurğulayıb və bütün müraciətlərin diqqətlə araşdırılacağını bildirib.
Rayon sakinləri yeni rəhbərlikdən xüsusilə kənd yollarının təmiri, infrastrukturun yaxşılaşdırılması, kommunal xidmətlər və kənd təsərrüfatı sahəsində mövcud problemlərin həllini gözlədiklərini bildiriblər.
Qəbuldan sonra Orxan Məmmədov şəhid Mahmud Mayıllının valideynlərini də ziyarət edib.
Qeyd edək ki, Orxan Məmmədov oktyabrın 22-də Prezident İlham Əliyevin Sərəncamı ilə Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub. O, bundan əvvəl Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsində çalışıb.